Kabab iyinə qaçanlar

Rəşad Ergün

Sevinin, əl çalın, Tovuzun futbol akademiyası olacaq.

Tovuzun futbol akademiyasında yetişəcək futbolçular Avropanın yekə-yekə klublarına üz tutacaqlar. Nə bilmək olar, bəlkə, “Real”da, “Barselona”da, “Milan”da oynayacaqlar.

İnşası üçün UEFA-nın 3,5 milyon, AFFA-nın 800 min manat ayırdığı futbol akademiyasının açılışında Rövnəq Abdullayevlə Elxan Məmmədov da iştirak ediblər. Onlar da seviniblər, əl çalıblar. Elxan Məmmədovu tanıyırsız, milli komandalar hər dəfə uduzub Azərbaycan futbolunun papağını yerə soxanda sosial şəbəkədə söydüyünüz həmin adamdır – AFFA-nın icraçı vitse-prezidenti, baş katibi.

Rövnəq Abdullayev isə AFFA-nın prezidentidir, ölkə futbolunda birinci şəxs. İki-üç ildən bir, belə tədbirlər, açılışlar olanda görünür, sonra gedir neft buruğu qazmağa. Adam həm də, rəngi Azərbaycan futbolunun sifətinə hopmuş neftdən sorumludur.

Həə, Tovuzun futbol akademiyası olacaq. Bir də gördün, bu akademiya o qədər böyüdü, inkişaf etdi ki, Niderlandın “Ayaks” klubu da ona paxıllıq etməyə başladı. Olar, niyə olmasın?

2011-ci ildə Bakı-Sumqayıt yolunun kənarında, yekə bir ərazidə başqa bir futbol akademiyasının da açılışı olmuşdu. “Bakı” klubunun bazasının, futbol akademiyasının açılışı. Açılışda ölkə prezidenti də iştirak etmişdi deyə, həmin baza-akademiyanın lenti daha gurultulu kəsilmişdi, qayçının səsi bütün Azərbaycana yayılmışdı. Qədirbilən xalqımız sevinmişdi, əl çalmışdı, “urra” demişdi.

İndi adı gah Türkiyə, gah da Polşa klubları ilə yanaşı çəkilən, amma “Qarabağ”dan tərpənməyən, deyəsən, heç vaxt da tərpənməyəcək Mahir Emreli də “Bakı” klubunun həmin akademiyasından çıxmışdı. Kim bilir, elə alınar ki, Tovuzdakı akademiyadan futbolçular çıxar, gedib “Beşiktaş”da oynayar, daha Emreli kimi, bizim futbola könül verənlərin məsxərə yeri olmaz. Alınar, niyə alınmasın ki?

Həə, “Bakı” klubunun futbol akademiyası var idi. Balaca-balaca uşaqlar orda futbolun sirlərini öyrənməyə çalışırdı. İndi nə akademiya var, nə “Bakı” klubu, nə də baza. Orda “Greenville Residence” adlanan yaşayış kompleksi inşa olunur. Futbolçu olmaq arzuları dağıdılan, yerlə-yeksan edilən akademiya ilə torpağa gömülən balaca-balaca uşaqların ataları banklardan kredit götürəcəklər, gecə-gündüz demədən işləyəcəklər, həmin o yaşayış kompleksindən ev alacaqlar. Axı başı buludlara söykənən binalar buna görə inşa edilir – kasıblar kredit götürsün, borca girsin, keyfiyyət standartlarından uzaq olan binalardan ev alsınlar. Necə də olsa, pulunu ödəyəcəklər, özləri olmasa da, övladları.

Tovuzda futbol akademiyası olacaqmış… Bir gün Tovuzun futbol akademiyasını da “Bakı”nın akademiyası kimi dağıtmaq, yerlə-yeksan etmək istəsəz, yerində yenə yaşayış kompleksi tikməyin, kababxana açın. İnsanlar kabab iyinə gəlsinlər, feyziyab olsunlar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button