Kərim Benzema tarixə düşdü

Futbol üzrə İspaniya La Liqasının 15-ci turu çərçivəsində baş tutan “Sevilya” ilə oyun “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, fransalı futbolçu bu oyunda yeni rekorda imza atıb. O, 2:1 hesabı ilə qalib gəldikləri oyunda ilk qola imza atmaqla tarixə düşüb. Belə ki, Benzema klub karyerasında 361-ci qolunu vurub. Bununla da, o, həmyerlisi Tyerri Anrini (360 qol) qabaqlayaraq, fransalı futbolçular arasında klublarda ən çox qol vuran oyunçuya çevrilib.

Bu iki fransalı futbolçunun klub karyerasındakı göstəriciləri belədir:

Kərim Benzema: 725 oyun, 361 qol, 179 məhsuldar ötürmə

Tyerri Anri: 791 oyun, 360 qol, 177 məhsuldar ötürmə

Benzema bu mövsüm Madrid təmsilçisinin heyətində bütün turnirlər çərçivəsində 18 oyunda 16 qola imza atıb.