İtaliya klubunda 6 yeni futbolçu

İtaliyanın “Parma” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Argentinanın “Lanus” klubunun mərkəz müdafiəçisi Lautaro Valentini, Belçikanın “Şarlerua” klubunun müdafiəçisi Maksime Busini, Portuqaliyanın “Portu” klubunun müdafiəçisi Yordan Osorionu, İtaliya çempionu “Yuventus”un yarımmüdafiəçisi Hans Nikolussini, Fransa “Nitsa”sının yarımmüdafiəçisi Uilan Siprieni, həmçinin Rumıniyanın “Universitatya” klubunun yarımmüdafiəçisi Valentin Mihaylanı heyətinə qatıb.

Bu barədə “Parma”nın rəsmi saytı məlumat yayıb. Valentin Mihayla birdəfəlik transfer olunub. 20 yaşlı rumın futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, 2018-ci ildən “Universitatya Krayova” klubunun əsas komandasında çıxış edirdi. Mihayla həm də Rumıniyanın gənclərdən ibarət yığmasının üzvüdür.

Yordan Osorio da birdəfəlik transfer edilib. Venesuela yığmasının 26 yaşlı üzvü yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Daha öncə “Zamora” və “Tondela”da da oynamış futbolçu 2018-ci ildən “Portu”da idi. Lakin o, 2018/19 mövsümünü “Vitoriya”da, geridə qalan mövsümü isə Rusiya “Zenit”ində icarədə keçirib.

Maksime Busi də “Parma” ilə 5 illik müqavilə bağlayıb. Belçikanın gənclərdən ibarət yığmasının da üzvü olan 20 yaşlı müdafiəçi geridə qalan mövsümdə “Şarlerua”da 30 oyun keçirib.

Uilan Siprien də İtaliya təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb. 2012-2016-cı illər aralığında yetirməsi olduğu “Lans”da 100-dən çox oyun keçirmiş 25 yaşlı fransız futbolçu, 2016-cı ildən “Nitsa”nın uğurları üçün çalışırdı.

Hans Nikolussi və Lautaro Valenti isə icarə əsasında “Parma”ya keçib. Onlar mövsümün sonuna qədər bu komandanın uğurları üçün çalışacaqlar.