İtaliyada “Qara Cümə” qalmaqalı FOTO

İtaliya A Seriyasının 15-ci turunun açılış matçında “İnter” “Roma”nı qəbul edəcək.

Komanda.az xəbər verir ki, İtaliyanın nüfuzlu nəşrlərindən olan “Corriere dello Sport”un bu qarşılaşma üçün hazırladığı xəbərin manşeti narazılığa səbəb olub. Belə ki, manşetdə “İnter”dən Romelu Lukakunun, “Roma”dan isə Kris Smollinqin şəkli yer alıb və başlığa “Black Friday” (Qara Cümə) yazılıb. “Corriere dello Sport”da yer alan bu manşet, futbol ictimaiyyəti tərəfindən irqçilik kimi qəbul edilib və narazılıqla qarşılanıb.

“İnter” və “Roma” klubları ilə yanaşı, “Fiorentina” da rəsmi “tvitter” hesabı ilə “Corriere dello Sport”un bu manşetini qınayıb.

Sözügedən nəşrin rəhbərliyi isə bunun irqçiliklə əlaqəsinin olmadığını, əksinə, son dönəmlərdə daha çox yayılan irqçiliyə qarşı mübarizə apardıqlarını vurğulayıb.

Bu gün keçiriləcək “İnter” – “Roma” matçı saat 23:45-də start götürəcək.