“Şuşanı Laçın, Kəlbəcər və Xankəndi ilə birləşdirib, komanda yaratmalıyıq” SORĞU

2020-ci il nə qədər koronavirus pandemiyasının yaratdığı çətinliklərə görə yadda qalacaqsa, bir o qədər də Azərbaycan ordusunun erməni tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməsiylə də tarixə yazıldı.

Sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibədə əsgərlərimiz, zabitlərimiz 30 illik həsrətə son qoyaraq, torpaqlarımızı işğaldan azad etdi. “Dəmir Yumruq” adı altında keçirilən hərbi əməliyyatlarda həm də futbolçular, hakimlər, futbol adamları iştirak etdilər. Müharibə iştirakçıları müxtəlif orden və medallarla təltif edildilər.

AFFA-nın qeydiyyat sistemində müxtəlif vaxtlarda qeydiyyatdan keçmiş 191 nəfər 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

İşğaldan azad olunmuş torpaqlarımızda AFFA tərəfindən süni örtüklü meydançaların inşası ilə bağlı plan hazırlanır. Yaşayış məntəqələrimizdə məskunlaşma prosesinə uyğun olaraq, süni örtüklü meydançalar tikilərək sakinlərin ixtiyarına veriləcək. Bəs işğaldan azad edilən şəhər və rayonlarımızda futbol komandaları yaradılıb, futbol Qarabağa gətiriləcəkmi? 90-cı illərdə Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda futbol komandaları olub, lakin işğaldan sonra Ağdamın “Qarabağ”ından başqa, hamısı fəaliyyətini dayandırıb. Bu bölgələrdə futbol ənənələri bərpa olunacaqmı? Bununla bağlı futbol adamlarına “işğaldan azad edilmiş şəhər və rayonların hansının Premyer Liqada təmsil olunmasını istərdiz və nəyə görə” sualını ünvanladıq:

Tahir Süleymanov, “Neftçi”nin sabiq vitse-prezidenti:

“Qarabağın, torpaqlarımızın azad edilməsi hər birimizi, bütün Azərbaycanı sevindirir. 30 il həsrətlə gözlədiyimiz an yetişdi, igid, qəhrəman oğullarımız canları, qanları hesabına düşmənlərə layiqli cavab verdilər. Şəhidlərimizin ruhu şad olsun!
Futboldan danışırıqsa, Qarabağda futbol oynadığımız, hakimlik etdiyimiz günlər indi göz önündədir. Ağdamda, Füzulidə, Cəbrayılda stadionlar dolu olardı. Tez bir zamanda “Qarabağ”ın “İmarət”də yaşıl meydana çıxmasını hamımız səbirsizliklə gözləyirik. Bununla yanaşı, hər bir işə, sahəyə reallıqdan gələn məsuliyyətlə yanaşılmalıdır. Dövlət səviyyəsində istənilən şərait yaradılsa da, ölkədə futbolun ümumi durumu bəllidir. İşğalçılar Qarabağda şəhər və kəndlərimizi necə viran qoyublarsa, futbol ideoloqları, cavabdehləri də bu sahəni o hala salıblar.
Azad edilmiş torpaqlarımızda şəraitin yaradılmasına kimi, ilk öncə son illər yüksək səviyyədə inşa edilmiş Lənkəran, Yevlax, Zaqatala, İmişli stadionlarına böyük futbol yenidən qayıtmalıdır. Gəncəyə, Tovuza, Mingəçevirə, Qusara, Şəmkirə və digər şəhər, rayonlarımıza futbol qayıtmalıdır. Bunun üçünsə AFFA-da köklü dəyişikliklər edilməlidir. Məğlub edilmiş düşmən futbolu qrup liderliyini qazanır, qalib Azərbaycan isə yüz milyonlar qarşılığında futbolda geriləməkdə davam edir. Bu, yolverilməzdir və futbolda çox ciddi kadr islahatlarına ehtiyac var.
Qarabağda komandaların bərpasına, yaradılmasına gəldikdə, nəinki Ağdam, Füzuli, Cəbrayıl, cənət məkanımız Şuşa başda olmaqla, işğaldan azad edilmiş bütün rayonlarımızda klublar yaradılmalıdır. Söhbət tək Premyer Liqadan getməməlidir. Azərbaycanda minimum iki-üç səviyyəli, yüksək təşkilatçılığı ilə seçilə biləcək liqalar yaradılmalı, rəqabət, keyfiyyət təmin edilməlidir. Mənasız Region Liqası baş aldatması ilə ölkədə futbol inkişaf edə bilməz. Qarabağ bölgəsində futbolu çox sevirlər. Düzgün işlər aparılacağı halda, yaxın gələcəkdə bölgədə Elbrus Abbasov, Əziz Əliyev, Vəli Hüseynov, Nazim Əliyev kimi futbolçular yenidən yetişə bilər”.

Yaşar Sultanov, “Turan” klubunun sabiq icraçı direktoru:

“Hesab edirəm ki, azad olunmuş hər bir rayonun, şəhərin bərpası stadionların və çoxsaylı idman meydançalarının tikintisindən başlanılmalıdır. İlk növbədə, futbol ənənələrinə malik olan Cəbrayıl şəhərinin komandası yaradılmalı və Premyer Liqaya yox, birinci diviziona buraxılmalıdır. Ümumiyyətlə, hər rayonun futbol komandası olmalıdır. Bu gün Azərbaycanın 65 kənd-rayonunun yalnız 4-də futbol var (Qəbələ, Zaqatala, Tovuz, Gəncə). Bu, Azərbaycan üçün utancverici haldır”.

Şahin Diniyev, Azərbaycan yığmasının sabiq baş məşqçisi:

“Əslinə qalsa, işğaldan azad edilən bölgələrin əksərində futbol olmayıb. Futbol coğrafiyasını böyütmək və Qarabağa futbolu gətirmək vacib amildir. Bu gün Ağdamı təmsil edən komanda var – “Qarabağ”. Bölgə olaraq baxanda, Bərdə, Yevlax, Tərtər, Naftalan – burdakı insanların bir komandaya azarkeşlik etməsi düzgün olar. “Qarabağ” da bu bölgənin komandasıdır. Bu var, bunu qoyuruq qırağa. İlk növbədə Şuşada komanda yaratmalıyıq. Necə ki, Ağdamda “Qarabağ”ı yaratmışdıq, indi də Şuşada komanda yaratmalıyıq. Rusiyada “Terek” necə yarandı? Müharibədən sonra ilk olaraq “Terek” (Qroznı) futbol komandası yaradıldı və çempionata qatıldı. Komandanın əsas çempionatda iştirakı siyasi addım idi. Mən bunu yaşamışam. Gərək düzünü danışaq, Şuşa heç vaxt futbol bölgəsi olmayıb. Şuşa daha çox mədəniyyət mərkəzidir. Hər bir rayonu işıqlandıran bir mərkəzi var, Şuşa da incəsənəti və mədəniyyəti ilə ön plana çıxıb. Şuşada da futbol ənənələri yaratmaq, həm də siyasi bir hadisədir. Xankəndi, Laçın və Kəlbəcərdə də futbol ənənələri olmayıb. Ancaq bu, o demək deyil ki, burda futbol olmamalıdır. Necə ki, Ağdam “Qarabağ”ını Bərdə, Yevlax, Tərtərlə birləşdirdik, Şuşanı da Laçın, Kəlbəcər və Xankəndi ilə birləşdirib, bir komanda yaratmalıyıq ki, o bölgənin də futbol komandası olsun. Cənuba düşdükdə, Zəngilan, Cəbrayıl, Qubadlıdan çox Füzulidə futbol ənənələri olub. Buranı da mərkəz etmək olar. Belə baxanda, bu üç yerdə futbol komandaları yaradılsa, demək olar ki, Qarabağı futbolla bağladıq. Bu üç komandanın Premyer Liqada iştirakını təmin etmək olar. Lakin bölgədə təkcə bu iki komanda deyil, başqa komandalar da yaradıla bilər. Şuşa və Füzuli komandalarının güclülər dəstəsində çıxış etməsi daha düzgün olar. Digər yaradılan komandalar da müxtəlif çempionatlarda, Region Liqalarında, divizonlarda iştirak edə bilər”.

Tərlan Əhmədov, “Neftçi”nin keçmiş baş məşqçisi:

“İstərdim ki, Cəbrayılın komandası olsun. Daha əvvəl də orda futbol komandası olub, futbolçular yetişib. Füzulidə də futbol ənənələri olub. Bölgələrdə daha çox komanda olsa, futbol da o qədər inkişaf edər. Qarabağlılarda hər zaman futbola sevgi böyük olub. Bir də, Xankəndinin komandasının olmasını da istərdim. Hə, Şuşanı da istəyərdim, lakin stadion məsələsi var. Çünki ora əvvəldən futbol bölgəsi olmayıb, stadion yeri yoxdur. Bildiyim qədəriylə, Füzulidə, Cəbrayılda, Xankəndidə futbol olub. O vaxt biz oralara oyunlara getmişik. Şuşada da futbol komandası olsa, lap əla olar. Belə deyim də, mən istəyirəm ki, bütün regionlarımızda, bütün şəhər və rayonlarımızda futbol olsun. Bunun üçün vəsait də var, şərait də. Bir halda ki, 30 ildən sonra torpaqlarımızı qaytarmışıq, istəyərdim hər birində futbol klubları yaradılsın”.

Ağasəlim Mircavadov, AFFA Məşqçilər Komitəsinin üzvü:

“Əlbəttə, istərdim ki, ilk növbədə Şuşada futbol komandası yaradılsın. Çünki ora başqa bir yerdir. Mən Şuşada çox olmuşam, gözəllikləri görmüşəm. Orda futbol komandasının yaradılmasını çox istərdim. Qarabağ bölgəsinin səması, insanları bir başqadır. Orda futbolu da çox sevirlər. Şuşada və Füzulidə futbolun olmasını çox istərdim”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button