İraq millisinin azərbaycanlı baş məşqçisi: “Yeni komanda formalaşdıracam”

“İraq çempionatında yarımfinal və final döyüşlərini izlədim. Həmin yarışda gənclər yığmasından iki nəfər də iştirak edirdi. Onlar 69 və 75 kq-larda 3-cü yer tutdular”.

Komanda.az xəbər verir ki, bunu açıqlamasında İraqın gənc boksçulardan ibarət millisinin azərbaycanlı baş məşqçisi Cavid Tağıyev deyib. Onun sözünə görə, martın sonlarında komandasını Bakıya gətirəcək:

“Martın 26-da ənənəvi “Böyük ipək yolu” beynəlxalq yarışına gələcəyik. Ola bilsin, yarışdan sonra qalıb, hazırlaşdıq. Birgə təlim-məşq və döyüş təcrübəsinin çoxluğu vacib şərtlərdəndir. Apreldə gənclərin ölkə çempionatı keçiriləcək. İraqda vəzifə başında yeniyəm. Bu yarışın nəticələrinə əsasən yeni komanda formalaşdıracam”.

Xatırladaq ki, həmyerlimiz hazırda Nəsriyyə şəhərində yerli məşqçilərə 10 günlük nəzəri və təcrübi seminar keçir.

Tağıyev Azərbaycan millisində uzun müddət 75 kq-da öncüllərdən olub. O, Avropa çempionatının (2004) bürünc medalçısı və Afina-2004 olimpiadasının iştirakçısıdır. Bundan savayı, yeniyetmələrdə dünya birinciliyinin (66 kq) gümüş mükafatçısı olub, dünya kuboklarında (2005-06) 3-cü yer tutub. Rusiyada Neft istehsal edən ölkələrin yarışında (2004) fəxri kürsünün zirvəsinə qalxıb. Onun dünya çempionatlarında ən yaxşı nəticəsi 2005-ci ildə Çində olub – 3 görüşdə qalib gəlib, yekunda 5-ci yer tutub.