“İnter”in hücumçusu “Verona”da

İtaliyanın “Verona” klubu ötən mövsüm Milan “İnter”indən icarəyə götürdüyü hücumçu Eddi Salsedonu heyətində saxlamağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 18 yaşlı hücumçunun satınalma şərti ilə 2021-ci ilin yayına qədər icarəyə götürüldüyü diqqətə çatdırılıb.

Xatırladaq ki, italyan futbolçu geridə qalan mövsümdə “Verona”nın heyətində 17 oyuna çıxıb, 1 qola imza atıb.

“Cenoa”nın yetirməsi olan Salsedo, “İnter”ə 2018-ci ildə transfer olunub. O, İtaliyanın U-21 yığmasına da dəvət alır.

“Verona”ın öz futbolçusu Salvatore Bokketti isə karyerasını “Peskara”da davam etdirəcək. İtaliya mətbuatının yazdığına görə, 33 yaşlı futbolçunun keçidi qarşıdakı günlərdə rəsmən açıqlanacaq. İtaliya yığmasında da oynamış təcrübəli müdafiəçi karyerası ərzində “Askoli”, “Lansano”, “Frozinone”, “Cenoa”, “Rubin”, “Spartak” (Moskva) və “Milan” klublarında da forma geyinib.