Yenə “İnter”, yenə Alonso

İtaliyanın “İnter” klubu yenidən “Çelsi”nin futbolçusu üçün hərəkətə keçəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” “Çelsi”nin müdafiəçisi Markos Alonsonu heyətinə qatmaq niyyətindədir. Komandanın baş məşqçisi Antonio Kontenin əsas hədəfinin ispan futbolçu olduğu bildirilir. İtaliya klubu qış fasiləsində də futbolçunu transfer etmək istəmiş, amma onların bu istəyi alınmamışdı. “Çelsi” 29 yaşlı futbolçunu yayda yalnız 30 milyon avroluq təklif alacağı halda, satmağı düşünür.

London klubu ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulan Alonso, cari mövsümdə iştirak etdiyi 19 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.