“Borclarını ödəyə bilmədiyi üçün 50-60 klub fəaliyyətini dayandıracaq”

İngiltərənin “Haddersfild” klubunun sahibi Fil Hockinson koronavirus pandemiyasının yaratdığı durğunluğa görə futbol klublarının müflisləşə biləcəyini deyib.

Komanda.az xəbər verir ki, bu barədə Hockinson BBC-yə açıqlama verib. O, pandemiya səbəbindən 50-60 klubun fəaliyyətini dayandıra biləcəyini deyib:

“Problem bu mövsümü bitirib-bitirməməyimizdə deyil, sonrasında nə olacağındadır. Ortaq bir razılığa gəlməsək, futbol piramidası olmayacaq. Bildiyim qədəriylə, bəzi klublar futbolçuların və işçilərin məvaciblərini gecikdirdikləri üçün hələ də klub olaraq yaşayırlar. Ancaq bir anda bütün ödənişləri etməli olacaqlar.

Tamamilə real olan bir ehtimal var ki, futbolla bağlı nəsə qərar verilməzsə, borclarını ödəyə bilmədiyi üçün 50-60 klub fəaliyyətini dayandıracaq. Bu barədə səmimiyəm, inanın.

Hökumət bizə bildirib ki, koronavirus infeksiyasına qarşı peyvənd tapılmayınca, futbol bərpa olunmayacaq. Peyvəndin də hazırlanması 2021-ci ilə qədər uzanacaq. Bu da o deməkdir ki, futbol klubları gəlirlərinin çox hissəsini itirəcək. Bəs bu zaman klubların yaşaması üçün nələr ediləcək? Hər kəs bu məsələni müzakirə etməkdən çəkinir. Növbəti 3, 6, 12 ay klubların heç bir qazancı olmayacaq”.

İngiltərədə iyunun 1-dən idman tədbirlərinin keçirilməsinə icazə verilib. Koronavirus pandemiyasına görə bu ölkədə futbol yarışları mart ayından keçirilmir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button