2 şəxs saxlanıldı – Özilə hücum etməkdə şübhəli bilinirlər

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özilə Londonda bıçaqla hücum etməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, London polisi 30 yaşlı Eşli Smiti və 26 yaşlı Cordan Nortoveri saxlayıb. Hər iki şəxs oğurluğa cəhddə ittiham olunub.

Özil və komanda yoldaşı Sead Kolaşinaç hadisə zamanı birgə olub. İyul ayında motosiklet sürücüsünün geyimindən və baş örtüyündən istifadə edən soyğunçu, Məsuta bıçaqla hücum edib. Hadisə Londonda, türklərin çalışdırdığı bir restoranın yaxınlığında qeydə alınmışdı. Bu zaman həm Kolaşinaçın, həm də restoranda çalışanların və hadisənin digər şahidlərinin səyi nəticəsində soyğunçu istəyinə çata bilməmişdi. O, həm futbolçulardan, həm də Məsutun avtomobilindən heç bir qənimət götürə bilmədən hadisə yerindən uzaqlaşmışdı.