“İndiki vəziyyətdə oyuna köklənmək çox çətindir” – Qara Qarayev

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiprə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Qarabağ”ın da formasını geyinən futbolçu bu gün Albaniyada baş tutan mətbuat konfransında bunları söyləyib:

“Monteneqro ilə bizim adət etmədiyimiz vaxtda oynadıq. Meydanın vəziyyəti də istənilən səviyyədə deyildi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Məğlubiyyət futbolçularda narahatlıq yaradıb. Kipr millisi ilə oyuna daha çox diqqət ayırmışıq. Baş məşqçi rəqibi yetərincə analiz edib. Biz də lazım olan məlumatı toplamışıq. Kiprin heytində dəyişiklik var. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq. İndiki vəziyyətdə oyuna köklənmək çox çətindir. İstirahət vaxtlarımızda ölkədə və cəbhədə baş verən hadisələri izləyirik. Bu cür məlumatlar əsasında oyuna köklənmək işimizi çətinləşdirir. Çünki bütün fikrimiz cəbhədə mübarizə aparan hərbçilərimizin yanındadır. Onlar canları bahasına orada mübarizə aparırlar. İnanram ki, bu dəfə daha yaxşı motivasiya olacaq və lazım olan nəticəni əldə edəcəyik”.

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan – Kipr matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.