Həyat yoldaşından açıqlama: İkardi “İnter”dən gedir?

Argentinalı hücumçu Mauro İkardinin “İnter”dəki durumuna hələ də aydınlıq gəlməyib.

Komanda.az xəbər verir ki, 26 yaşlı forvardın meneceri, həm də həyat yoldaşı olan Vanda Nara, bununla bağlı İtaliya mətbuatına açıqlama verib. “Football İtalia” nəşrinə danışan Nara, İkardinin “İnter”də qalmaq istədiyini deyib:

“İkardi “İnter”də qalmaq istəyir. Mən onun özünü xoşbəxt hiss etməsini istəyirəm və klubla olan münasibətlərini düzəltməyə çalışıram. Mauro karyerasını burda davam etdirmək istəyir. Ümid edirik ki, problemlər tez bir zamanda öz həllini tapacaq”.

“İnter” rəhbərliyi bir müddət əvvəl İkardidən kapitanlıq sarğısını almışdı. Onun əvəzinə qolkiper Samir Handanoviç komandanın kapitanı təyin edilmişdi. Zədəli olan İkardi, həkimlərin müsbət rəyinə baxmayaraq, komandayla birgə məşq etməkdən də imtina edib.