İkardi “İnter”də heyətdən kənarlaşdırıldı

İtaliyanın “İnter” klubu aparıcı futbolçusu Mauro İkardi ilə bağlı daha bir gözlənilməz qərar qəbul edib.

Komanda.az xəbər verir ki, Milan təmsilçisinin məşqçilər korpusu argentinalı forvardın adını Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Avstriyanın “Rapid” (Vyana) klubuna qarşı ilk oyun üçün açıqlanan heyətdən çıxarıb.

Xatırladaq ki, “İnter” rəhbərliyi daha öncə kapitanlıq sarğısının İkardidən alındığını və qapıçı Samir Handanoviçə verildiyini açıqlamışdı. Lakin baş verənlərin dəqiq səbəbi barədə heç bir rəsmi açıqlama verilmir.

İtaliya mətbuatı, İkardinin klubla yeni müqavilə imzalamaq istəmədiyi üçün kapitanlığının əlindən alındığını, heyətdən kənarlaşdırıldığını iddia edir.