Ozan Can: “Bu çempionat düşünüldüyü qədər asan deyil” – Müsahibə

İcarə əsasında Niderlandın “Telstar” komandasında çıxış edən, müqavilə ilə “Sabah” klubuna məxsus olan Ozan Can Kökçünün Komanda.az saytına müsahibəsi:

  • Ozan, Niderlandda vəziyyət necədir, yeni komandana uyğunlaşa bilmisən?
  • Vəziyyət yaxşıdır, komandada ciddi itkilərimiz olsa da, mübarizə aparmaq üçün gücümüz var. Əlbəttə, uyğunlaşmışam və komanda yoldaşlarımın çoxu keçmiş komanda yoldaşlarım və ya tanıdıqlarımdır. Şükürlər olsun, hər şey yolundadır.
  • Elə futbola da məhz Niderlandda başlamısan, karyeranın böyük bir hissəsi bu ölkə ilə bağlıdır. Keçmişdən bu günə Niderland futbolunda hansı dəyişiklikləri hiss edirsən?
  • Bu ölkədə futbol və həyat səviyyəsi fərqlidir. Düşünürəm ki, artıq arada olan fərqi bağlaya bilmişəm. Burda keçirəcəyim vaxtın mənə fayda verəcəyini hiss edirəm.
  • Artıq “Telstar”da 6 oyuna çıxsan da, fərqlənməyi bacarmamısan.
  • Bəli, fərqlənə bilərdim, şanslarım da var idi. Lakin bu çempionat düşünüldüyü qədər asan deyil.
  • Baş məşqçinizin səninlə bağlı fikirləri necədir?
  • Baş məşqçimizin mənə olan inamı tamdır. Qarşıda 12 oyunumuz var, yaxşı olacağına inanırıq.
  • Turnir cədvəlində 9-cusuz. Niderlandın yüksək liqasına – Erediviziyaya vəsiqə qazanmaq şanslarınız necədir?
  • Bəli, bayaq da dediyim kimi, zədəlilərimiz var. Futbolda hər an qəribə şeylər yaşana bilər. Qarşıda oyunlarımız var, hər şey ola bilər.
  • Ozan, Azərbaycan Premyer Liqasını izləyirsən?
  • Təbii ki, hər zaman komandamın – “Sabah”ın oyunlarını izləyirəm.
  • “Sabah”ın bu mövsümkü çıxışını necə qiymətləndirirsən? Komanda turnir cədvəlinin sonuncu pilləsində yer alıb.
  • Bu, futboldur, hər şey mümkündür. “Sabah”ın futbolçuları pis oynamır, lakin bir az bəxtə ehtiyacları var. Komanda yoldaşlarıma inanıram, inşallah, mövsümün sonunda daha yaxşı yerdə olacaqlar.
  • Bakı və burdakı komanda yoldaşların üçün darıxırsan?
  • Bakının yeri qəlbimdə ayrıdır, evimi sevirəm. Bakı və komanda yoldaşlarım üçün darıxıram.
  • “Sabah” və Azərbaycan milli komandasının nümayəndələrindən səninlə maraqlanan olur?
  • Əlbəttə, onlarla danışıram.
  • Mövsümün sonunda geri qayıtmağı düşünürsən, yoxsa ölkə xaricində başqa bir kluba getmək istəyirsən?
  • Mən “Sabah” klubunun futbolçusuyam və bura – Niderlanda futbolumu inkişaf etdirmək üçün gəlmişəm. Digər məsələlər menecerim və klubumun işidir. Mənim işim futbol oynamaqdır.

Şahin Cəfərov