“Heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda “Keşlə”yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb.

  • Bilirdik ki, “Keşlə” son zamanlar yaxşı formadadı. Maraqlı oyuna görə rəqibi təbrik edirəm. Necə təsəvvür edirdiksə, həmin komandanı da gördük. Tərlan Əhmədova alqış düşür ki, qısa müddətdə belə komanda hazırlayıb. İki fərqli hissə izlədik. Komanda tapşırıqları yerinə yetirməyə çalışdı. İlk hissədə istədiklərimiz alınırdı. Fasilədən sonra “Keşlə”nin təzyiqi artıracağını gözləmək olardı. İkinci hissəni rəqibin aktivinə yazmaq olar. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra müdafiəyə diqqət etməli olduq. Futbolçuları layiqli qələbəyə görə təbrik edirəm.
  • İkinci hissədə oynadığınız taktika nə idi?
  • Qeyd etdiyim kimi, müdafiədən oynamalı idik. İkinci hissədə bu plandakı oyunumuzdan razı qaldım. Ancaq hücumlarımız o qədər də kəsərli alınmadı. Futbolçulardan 90 dəqiqə hücum etməyi istəyə bilmərik. Planımız nə idisə ona uyğun oynadıq. Sırf nəticəni düşünürdük. Dəyişikliklər buna hesablanmışdı.
  • “Səbail”in büdcəsi azaldılıb və Maykl Essyen kimi ödənişli futbolçu ehtiyatda qalır. Onu oynatmayacaqsızsa, niyə saxlayırsız?
  • Essyen ayrı bir söhbətdi. Ümumi futbolumuz naminə fərqli bir layihə kimi baxmaq lazımdı. Onun aramızda olması bizim üçün üstünlükdü.
  • Hansı üstünlükdü?
  • Bu gün Ədilxan kimi gənc oyunçu ondan nümunə götürür. Essyen bütün futbolçular üçün nümunədi. Bu, o demək deyil ki, həmişə oynamalıdı. Çalışırıq ki, nəticəni düşünək və sistemə uyğun futbolçuları meydana buraxaq. Oyun ola bilər ki, start heyətində meydana çıxsın. Bu, Çempionlar Liqasında gördüyünüz Essyen deyil. Ancaq o da digər futbolçularımız kimi çalışır. İndi ona imkan yarada bilmirik. Onsuz da futbolçu sayı azdı, ona da şans verəcəyik.
  • Mirabdulla Abbasovun əvəzlənməsi nə ilə bağlı idi?
  • Birinci hissədə zədə almışdı. Ağrıya-ağrıya oynadı. Fasilədə danışdıq ki, davam edə bilməsə, meydandan çıxaracağıq.
  • Eltun Yaqublunun məşhur videosu ilə bağlı nə deyə bilərsiniz?
  • İstəmirəm ki, belə şeylər çox şişirdilsin. Ora özbaşına girib çıxmamışıq. Tək Eltun yox, digərləri də orda maşın saxlayıb. Çünki qapı ora yaxındı. Bu haqda çox danışmağa gərək yoxdu. Stadion rəhbərliyi ilə anlaşmışıq. Düşünürəm ki, artıq belə hallar yaşanmaz. Heç kimin xəbəri yox idi ki, orda maşın saxlamaq olmaz. Eltuna irad bildirildi, ancaq heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl. Hadisə istəməyərəkdən baş verib. Sadəcə, ürəyindən video çəkmək keçib. Başqa bir niyyəti, kiməsə sataşmaq məqsədi olmayıb. Eltun kapitanımızdı. İstəməzdim ki, bununla bağlı iradlar olsun. (sport24.az)
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button