Həm “qol maşını”, həm də repçi – Yazı+Fotolar

Hazırda dünya futbolunda haqqında tez-tez danışılan futbolçulardan biri Dortmund “Borussiya”sının 19 yaşlı hücumçusu Erlinq Halanddır. Qısa zaman kəsiyində diqqətləri üzərinə çəkməyi bacaran hücumçu, həm Bundesliqada, həm də Çempionlar Liqasında bir sıra rekordlara imza atıb. Bəs bu 19 yaşlı norveçli futbolçu kimdir? Halandı Avropa futbolunun “göz”ünə çevirən nədir?

Erlinq Haland 2000-ci il iyulun 21-də, İngiltərənin Lids şəhərində dünyaya göz açıb. Futbolçu ailəsinin üzvü olan Halandın atası Alf-İnq Haland “Mançester Siti”, “Nottinqem Forest” və “Lids” kimi klublarda forma geyinib. Oğlundan fərqli olaraq, yarımmüdafiəçi mövqeyində çıxış edən Alf-İnq 34 dəfə də Norveç yığmasının formasını geyinib.

Alf-İnq Haland – “Nottinqem Forest”

Erlinq Haland peşəkar futbolçu karyerasına Böyük Britaniyada deyil, Norveçdə başlayıb. 2006-cı ildə Norveçin “Bryune” klubunun akademiyasına keçən futbolçu, 15 yaşında bu ölkənin 2-ci liqasında debüt edib. O, peşəkar karyerasında ilk dəfə “Bryune” formasıyla 2016-cı ilin mayında, “Ranheym”lə oyunda meydana çıxıb. Debüt mövsümündə ümumilikdə 16 oyunda iştirak edən hücumçu, qol hesabını aça bilməyib. Buna baxmayaraq, böyük klubların diqqətini çəkməyi bacaran futbolçu, bir il sonra – 2017-ci ildə Norveçin tanınmış klublarından olan “Molde”ylə rəsmi müqavilə imzalayır. “Molde”yə həmin dövrdə hazırda “Mançester Yunayted”i çalışdıran Ole-Qunnar Sulşer rəhbərlik edirdi.

2017-ci ildə əsas liqada debüt edən Haland, ilk qolunu həmin ilin avqustunda, “Tromse” ilə matçda vurub. Həmin ili “Molde”ylə 14 oyunda şans qazanan Haland, mövsümü iki qolla tamamlayır.

2018-ci ilin iyulunda “Brann”la matçda poker edərək, diqqətləri üzərinə çəkən hücumçu, 2018/19 mövsümünü 14 qolla bitirir. Və çox keçməmiş – 2019-cu ilin avqustunda Avstriyanın “Zalsburq” klubuna transfer olunur. “Bryune”dən 100 min avro qarşılığında “Molde”yə keçən hücumçunun “Zalsburq”a transferi avstriyalılar üçün 8 milyon avroya başa gəlir.

“Zalsburq”un heyətində də uğurlu oyun sərgiləyən forvard, performansıyla Norveç milli komandasının baş məşqçisi Lars Laqerbekin diqqətini çəkir və onun dəvətiylə yığmaya çağırılır. 2019-cu ilin sentyabrında yığmada debüt oyununa çıxan Haland, millidə iki oyun keçirib və qol hesabını aça bilməyib.

Haland 2019-cu ildə, FİFA-nın 20 yaşadək futbolçulardan ibarət dünya çempionatında, Hondurasla matçda 9 qol vuraraq, yığmada bir oyuna ən çox qol vuran futbolçu ünvanını qazanmışdı.

“Zalsburq”la 2019/20 mövsümündə 27 oyunda şans qazanan Haland, 29 qol və 7 məhsuldar ötürmə ilə Avropanın nəhəng klublarının diqqətini çəkməyi bacarır. Qış transfer pəncərəsi dövründə onun adı “Barselona”, “Real”, “Leyptsiq”, “Mançester Yunayted”lə hallanır. Xarici medianın 70-80 milyondan danışdığı bir dövrdə, 19 yaşlı hücumçu 20 milyon qarşılığında Dortmund “Borussiya”sına keçir.

Almaniyaya gəldikdən sonra da rekordları alt-üst edən Haland, Bundesliqada ilk 6 oyunda 9 qol vuran ilk futbolçu ünvanını qazanıb. Norveçli hücumçu təkcə Bundesliqada deyil, Çempionlar Liqasında da rekorda imza atıb. Belə ki, Haland, Çempionlar Liqasında debüt mövsümündə 10 qol səddinə çatan 5 futbolçudan biridir.

Haland 2017-ci ildə verdiyi müsahibədə, ən böyük xəyalının dünyaya göz açdığı Lids şəhərinin eyniadlı komandası ilə Premyer Liqanı qazanmaq olduğunu demişdi. Onunla bağlı maraqlı faktlardan biri də, 5 yaşında dünya rekorduna imza atmasıdır. Belə ki, o, 5 yaşında olarkən ən hündürə tullanma rekorduna imza atıb. Haland 2006-cı ilin yanvarında keçirilən yarışda həmyaşıdları arasında ən yüksəyə – 1,63 metrə tullanmışdı.

Haland futbolla yanaşı, rep deməklə də məşğul olub. Onun dostları ilə birlikdə “Flow Kingz” adlı qrupu var idi.

“Molde”də forma geyinən zaman Zlatan İbrahimoviçlə müqayisə edilən Halandın kumiri də məhz isveçli futbolçudur. Kumiri İbrahimoviç olsa da, Haland Kriştiano Ronaldonu da örnək alır. Belə ki, Halandın atası 2019-cu ilin oktyabrında verdiyi müsahibədə, oğlunun Kriştiano Ronaldonun pəhrizindən istifadə etdiyini demişdi.

Hazırda Dortmund “Borussiya”sı ilə Bundesliqada 8 matçda 9 qol vuran Haland, Çempionlar Liqasında da 10 qolla bombardirlər siyahısındadır.

Şahin Cəfərov