“Halandın Ronaldonun xələfi olacağını düşünmək üçün çox tezdir” – Rivaldo

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Rivaldo “Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Halandla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Rivaldo, Halandın müsbət keyfiyyətləri ilə bağlı danışıb:

“Haland böyük futbolçu olduğunu göstərdi, amma onun hələ 19 yaşı var. Gələcəkdə daha yaxşı vəziyyətə gələ və dünyanın ən yaxşı hücumçularından biri ola bilər. O, meydanda qorxmadan oynayır və sakit görünür. Öyrənməsi lazım olan çox şey var və bir çox klubun onu izləməsi normaldır.

Bəzi insanlar Halandın üslubunu braziliyalı Ronaldo ilə müqayisə edir. Hansısa xüsusiyyətlərdə oxşarlıq ola bilər, amma Halandın Ronaldonun xələfi olacağını düşünmək üçün çox tezdir. Halandın onun səviyyəsinə çatıb-çatmayacağını görmək üçün vaxta ehtiyacımız var. O, “Real” və “Barselona” üçün yaxşı seçim ola bilər”.