“Hər şeyə hazır olmalıyıq” – Rəşad Sadıqov

“Hər şey düşündüyümüz kimi gedir. Məni narahat edən yeganə məqam seleksiya ilə bağlıdır ki, axtarışda olduğumuz futbolçuları istədiyimiz vaxtda transfer edə bilmədik”.

Komanda.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov açıqlamasında deyib.

Türkiyədə davam edən təlim-məşq toplanışı dəyərləndirən mütəxəssis transferlərin gecikməsini belə əsaslandırıb:

“Futbolda ən çətin məhz transfer məsələsidir. Tələsik qərar verib səhv etmək istəmirik. Çünki bizi qarşıda təkcə Konfrans Liqası deyil, uzun marafonlu çempionat gözləyir. Təkcə “Makkabi” haqda yox, Premyer Liqa barədə də düşünürük. Tam ürəyincə olan futbolçu olmayacağı halda transfer etmək istəmirəm”.

Sadıqov, artıq bir hücumçu ilə anlaşdıqlarını gizlətməyib:

“Danışıq apardığımız futbolçular var. Ola bilsin ki, yaxın günlərdə hansısa biri ilə transfer məsələsini bitirək. Ümumi götürdükdə çoxu ilə danışıqlarımız baş tutmur. Əvvəlki kimi, çempionatı, maddi durumu bəhanə gətirən müxtəlif səbəblər olur. Hələ ki, istədiyimiz oyunçuları gətirə bilməmişik. Ümid edirik ki, qarşıdakı günlərdə bu məsələdə irəliləyiş olar. Konkret danışsaq, tezliklə komandamıza yeni hücumçu qoşulacaq. Əvvəlcədən adını açıqlamaq istəmirəm”.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə oyunlara hələ tam köklənmədiklərini bildirən Sadıqov, bu prosesə toplanışın Bakı mərhələsində start verəcəklərini vurğulayıb:

“Rəqibi indidən təhlil edib hazırlaşmaq psixoloji cəhətdən düzgün olmaz. Bakıda son iki həftədə daha çox rəqib və oyun planı barədə düşünəcəyik. Önəmli faktlardan biri də odur ki, “Makkabi”nin heyətində baş məşqçi dəyişikliyi baş verib. Kifayət qədər də yeni transferləri var. Buna görə də, onlarda hansı oyun fəlsəfəsi, necə heyət olacağını bilmirik. Yoxlama görüşləri, ardından isə iyulun 13-də rəsmi matçları olacaq. Yəqin ki, oyun fəlsəfələri və “11-lik”ləri orada aşkar görünəcək. Baş məşqçini yaxından tanıyıram, PAOK-la “Qarabağ”a qarşı matçlarda iştirak edib. Oyun fəlsəfəsini təxminən bilirik. Ancaq çox sistem dəyişikliyi edən mütəxəssisdir. Ona görə də, hər şeyə hazır olmalıyıq”. (“CBC Sport”)

“Zirə” Türkiyə toplanışını iyulun 7-də başa vuracaq. Komanda “Makkabi” ilə iyulun 21-də Bakıda, bir həftə sonra isə səfərdə görüşəcək.

Bizi Telegramda izləyin 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button