Gürcünü sillələyən, “Qəbələ”ni məyus edən Qurbanov haqda 3 qeyd

Vüqar Məmmədov

Yəqin ki, Azərbaycan futbolunu izləyənlər xatırlayar, təxminən iki il öncə birinci divizion komandalarının bir qisim futbolçusu oyun alverinə görə müvəqqəti futboldan kənarlaşdırılmışdı. Sərt cəzalardan biri Qusarın “Şahdağ” komandasına gəlmişdi. Onların 5-6 əsas heyət oyunçusu cəzaya məruz qalmışdı. Həmin ərəfələrdə qusarlılar kubok oyununa çıxacaqdı. Rəqib isə Premyer Liqa komandası “Kəpəz” idi. Kimsə sürpriz gözləmirdi. Ona görə də, oyun Qusarda keçirilməli olduğu halda, hər iki tərəfin razılığı ilə Bakıya salınmışdı.

İş elə gətirdi ki, “Bayıl Arena”da baş tutan matçı tribunadan izləyə bildim. Stadionda oyunun taktikasını oxumaq televizora nisbətdə asan olur. Bu səbəbdən, “Kəpəz”in həmin oyundakı taktikasını çözmək imkanım oldu. Deməli, Şahin Diniyevin baş məşqçi olduğu bu komanda müdafiədə, “opornı” zonada və əsasən də bu zonaların solunda paslaşaraq rəqibi öz üzərlərinə çəkirdilər. Bu zaman “Kəpəz”in sağ, “Şahdağ”ın sol cinahı olan tərəf qusarlıların diqqətindən yayınırdı. Zatən Şahin Diniyevin komandasının da istədiyi bi idi. Məhz elə bu zaman boş qalan həmin bu zonaya pas ötürülürdü və burda pusquda duran yüksək fiziki göstəricilərə malik futbolçu sürətlə şığıyaraq, topu götürüb sağ cinahla, mərkəz xəttin həndəvərindən rəqibin cərimə meydançasına, bəzənsə qapı xəttinə qədər uzun bir reyd edib, vəziyyətdən asılı olaraq, ya qapı önünə qısa ötürmə verir, ya topu qapı üzərinə qaldırır, ya da zərbə vururdu. “Kəpəz” bütün oyunu bu tərzdə oynadı, 5:1 hesabı ilə qalib gəldi və xeyli qol epizodu da qaçırdı. Beş qoldan dördü sağdan gələn ötürmələrdən sonra vuruldu. Məni daha çox “Kəpəz”in heyətində diqqətimi çəkən, sağ cinahdan oyuna qoşulan həmin “açar” futbolçu maraqlandırırdı. Sonradan nömrəsinə əsasən protokola baxaraq, adını öyrəndim. Bu futbolçu Nicat Qurbanov idi. Həmin gün onun oyunu məni o qədər valeh etmişdi ki, düşünürdüm, belə bir futbolçu milli komandadan necə kənarda qala bilər? Və belə nəticəyə gəldim ki, onu tezliklə yığmaya çağırarlar. Amma mən düşündüyüm kimi olmadı. Bilindiyi kimi, artıq 27 yaşında karyerasını bitirib.

Bilmirəm, bəlkə qarşısındakı rəqib güclü olmadığına görə bu futbolçunun oyunu belə parlaq alınmışdı? Açığı, milli çempionatımızın oyunlarını az izlədiyimdən, həmin vaxt üçün bu futbolçunun yığmaya çağırılmalı olub-olmaması barədə mübahisə edə bilmərəm. Mübahisə etmək, konkret rəy bildirmək üçün futbolçunun heç olmasa beş-altı oyununu izləməlisən. Lakin onu da qeyd edək ki, bir oyunçuda hansısa keyfiyyətlər varsa və yaxşı məşqçinin əlinə düşərsə, inkişaf etdirmək mümkündü. Düşünürəm ki, Şahin Diniyev bunu edə bilərdi. Amma o da “Kəpəz”də çox qalmadı.

Həmin “Şahdağ” – “Kəpəz” oyunundan sonra hərdən baxdığım Azərbaycan çempionatının oyunlarında istər-istəməz Nicatı izləyirdim və bu futbolçu ilə bağlı yadımda qalan daha iki hadisəni qeyd etmək istəyirəm.

Deməli, “Kəpəz” – “Qəbələ” oyununda gürcü futbolçu Nika Kvekveskiri onu yıxdı, Nicat da durub Nikanın üstünə cumdu. Gürcü də əli ilə onun sifətindən itələdi və cavabında sillə zərbəsi aldı. Oyunun hakimi Əliyar Ağayev hər iki futbolçuya qırmızı vərəqə göstərdi. Zənnimcə, itələmək vurmaq sayılmır və elə bu səbəbdən də, gürcü futbolçu uzun müddət hakimlə mübahisə etdi. Onu başa düşmək olardı, həm sillə yemişdi, həm də qırmızı vərəqə almışdı, yəqin ki, özünü alçaldılmış və təhqir olunmuş sayırdı. Növbəti mövsümdə həmin gürcü Kvekveskiri çempionatımızdan, eyni zamanda ölkəmizdən getdi. Nicat isə haqqında danışdığımız oyunda aldığı qırmızı vərəqədən sonra tunelə gedən pilləkəndə oturub ağlayırdı. Yəqin ki, rəqib həmkarını təhqir etdiyindən utandığına görə yox, komandasını çətin vəziyyətə saldığını düşünərək ağlayırdı. Amma komandasına kömək etmişdi, yoxsa çətin vəziyyətə salmışdı – bu, dəqiq deyildi. Çünki rəqibi də “qırmızı” almışdı və bu futbolçulardan hansının güclü olması mübahisə mövzusu idi.

Və bir də, Nicatı “Sumqayıt”da çıxış etdiyi vaxt “Qəbələ” ilə səfər oyununda meydana ikinci hissədə girib, topa ilk toxunuşdaca komandasını xilas edən qolu vurmasını xatırlayıram. Zərbə çox effektli alınmışdı. Yerli futbolçular hələm-hələm topa bu cür dəqiq zərbə endirə bilmirlər. Əlavə edək ki, həmin vaxt “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov idi.

Oyununu izlədiyim matçlara əsasən deyə bilərəm ki,  Nicat Qurbanov istedadlı futbolçudu. Ancaq hər halda, məşqçilər də axmaq deyil, yaxşı oyunçunu kimsə itirmək istəməz. Axır ki, ya zəlzələdən, ya vəlvələdən, kifayət qədər tanınan bir futbolçu özünə komanda tapmayaraq 27 yaşda karyerasını bitirirsə, bu, heç də xoş hal deyil.