Azərbaycan güləşçilərindən son gündə daha beş medal

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə qran-pri turniri başa çatıb.

Komanda.az xəbər verir ki, son yarış günündə 86, 97, 125 kq-da sərbəst, 82, 97 və 130 kq-da yunan-Roma güləşində medalçılar müəyyənləşib.

Pəhləvanlarımızdan beşi fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşi üzrə yarışda Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) gümüş, Elvin Mürsəliyevlə (82 kq) Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Hacımurad Məhəmmədsəidov (86 kq) ikinci yeri tutub.

Beləliklə, güləşçilərimiz “qran-pri”də ümumilikdə 13 medal qazanıb. Bunladan ikisi qızıl, yeddisi gümüş, dördü isə bürünc olub.