Güləş üzrə dünya çempionatı ilə bağlı qərar verildi

Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, büro dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatının planını təsdiqləyib.

Qeyd olunub ki, UWW üzvlərinin 70 faizindən çoxu mundialda iştirak edəcəyini bildirib. Bu isə dünya çempionatını keçirməyə imkan verir. Ancaq Büro qarşıdakı 1 ayda koronavirus pandemiyası ilə bağlı müşahidələr aparacaq və son qərarını noyabrın 6-da verəcək.

UWW-nin prezidenti Nenad Laloviç bunları deyib: “Güləşin dekabrda geri qayıtmasına nikbin baxırıq. Bizim üçün ən önəmlisi idmançıların, məşqçilərin və əməkdaşlarımızın təhlükəsizliyidir və Belqradda bunun üçün tələb olan bütün təhlükəsizlik tədbirlərinə riayət ediləcək”.

Onu da nəzərinizə çatdıraq ki, baş tutan iclasın yekununda gənclərin dünya çempionatının ləğv olunmasına qərar verilib. Xatırladaq ki, daha öncə gənclərin analoji yarışının dekabrın əvvəllərində Belqradda keçirilməsi planlaşdırılırdı. Ancaq üzv ölkələrin əksəriyyəti bu yarışda iştirakını təsdiqləmədiyi üçün gənclərin dünya çempionatı bu il keçirilməyəcək.