Gözləyirik, “Qarabağ”!

Vüqar Məmmədov

Qarışqa özündən əlli dəfə ağır yük qaldıra bilir. “Bunun futbola nə aidiyyatı var” deyə soruşsaz, bu barədə bir qədər sonra.

Bu mövsüm hələ ki, “Qarabağ” avrokuboklarda özündən güclü komanda ilə demək olar ki, qarşılaşmayıb. Yalnız APOEL, bəlkə aşağı-yuxarı eyni tutula bilər. Əslində, biz hardasa “köhlən atlar”a hansısa irad bildirə də bilmərik. Çünki udmalı oyununu uddu, uduzmalını da uduzdu. Gücünə görə təxminən nə gözlənilirdisə, onu da verdi. O zaman soruşa bilərsiz, bəs onda biz bu komandadan nə istəyirik? Bu dəqiqə deyim: Deməli, Qurban Qurbanovun “Qarabağ”ı vaxtı ilə çox zəif heyətlə özündən qat-qat güclü komandalarla oyundan yaxşı nəticələrlə ayrılıb: “Rusenborq”, “Tvente”, “Dnepr”, “Sent-Etyen”, “İnter”, “Monako”, “Atletiko”… Məsələn, ağdamlıların ilk böyük uğurlarından olan Norveç klubunu keçməsinin üzərində bir qədər dayanaq. “Rusenborq” o vaxt indiki kimi deyildi, çox güclü idi. Mütəmadi olaraq Çempionlar Liqasında oynayırdı. Superklubların da başını əməlli-başlı ağrıda bilirdi. “Qarabağ”ın isə həmin dövrdə yerlilər, üstəgəl Admir Telidən ibarət “mütəvazi” bir heyəti var idi. O zaman həmin heyət “Rusenborq”u keçməyi bacardı. Burda əsas xidmət zənnimcə Qurban Qurbanova məxsus idi. Bəli, onun “Qarabağ”la birlikdə qələbəsi, qarışqanın özündən dəfələrlə ağır yük qaldırmasına bənzər bir iş idi. Deyə bilmərəm ki, Qurban Qurbanovun qaldırdığı “yük” qarışqadakı kimi, özündən əlli dəfə ağır idi, amma ağır olması dəqiq idi.

Qurbanov zaman-zaman özündən dəfələrlə ağır “yük” qaldıra bildiyini sübut edib. Amma bir ötən mövsüm, bir də cari mövsümdə “Qarabağ”ın oyunlarında komanda bizi təəccübləndirəcək bir şeylə yadda qalmayıb. Avroliqanın qrupuna düşmək artıq təəccüblü sayıla bilməz, buna çoxdan öyrəşmişik.

Məhz yuxarıdakı amilləri nəzərə alaraq, “Qarabağ”ın çıxışını tam mənada uğurlu saymaq olmaz. Hə, düzdür, qrupa düşüb, bir neçə rəqibi məğlub edib. Amma bunlar hər il baş verir. Daha irəli getmək, daha yeni hədəflərə çatmaq lazımdır. Bu səbəbdən düşünürəm ki, “Qarabağ”ın indiki halda hədəfi qrupdan çıxmaq olmalıdır. Bunu bacararsa, “Qarabağ” uğurlu avrokubok mövsümü keçirdi” demək olar.

Sabah “Qarabağ” “Sevilya” ilə qarşılaşır. Biz bu oyundan nə gözləyə bilərik? Oturub gücləri hesablasaq, üstünlüyün kimdə olmasını tapmaqda çətinlik çəkmərik. Amma…

Qayıdaq yenə qarışqanın özündən əlli dəfə ağır yükü qaldırmaq məsələsinə. “Sevilya” “Qarabağ”dan “ağırdır”, bu, dəqiqdir. Ancaq o vaxtkı “Qarabağ”ın qaldırdığı “Rusenborq” yükünü indiki “Qarabağ”ın qaldırmaq istədiyi “Sevilya” yükü ilə müqayisə etsək, məncə, indiki yük daha rahat qaldırıla biləndi. Çünki indiki “Qarabağ” o vaxtkı “Qarabağ”dan (məsələn) on dəfə güclü idisə, indiki “Sevilya” o vaxtkı “Rusenborq”dan beş dəfə güclüdür. Hələ bura Qurban Qurbanovun 10 il əvvəlkindən xeyli təcrübəli olduğunu da əlavə etsək, “yük” bir az da yüngülləşər.

Düşünürəm ki, nə demək istədiyim aydındır. “Qarabağ” hər mövsüm bizi yaxşı mənada təəccübləndirir, bir növ bizi buna vərdiş etdirib. Amma bu mövsüm hələ ki, təəccüblənməmişik.

Gözləyirik.