“Gənclər məni yaxşı mənada təəccübləndirdilər”

Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan “Sabah” növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Bakı klubu Gürcüstan yüksək liqa təmsilçisi “Telavi” ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub.

Komanda bu görüşdə gənc futbolçulardan təşkil edilmiş heyətlə çıxış edib. Matçdan sonra baş məşqçi Ramin Quliyev klubun rəsmi saytına açıqlamasında bu oyunda əsas məqsədin məhz gəncləri sınamaq olduğunu deyib:

“Toplanışdan öncə planımızda bu oyunun keçirilməsi nəzərdə tutulmamışdı. Lakin sırf gəncləri də iş başında görmək üçün cədvələ daha bir matç əlavə etdik. Rəqibi də yüksək liqa klubu seçməyimiz cavan futbolçularımıza güclü rəqibə qarşı oynamaq imkanı yaradırdı. Ümumi oyun baxımından yanaşdıqda, gənclərimiz məni yaxşı mənada təəccübləndirdilər. Yüksək liqada mübarizə aparan, təcrübəli futbolçulardan ibarət rəqibə qarşı başa-baş mübarizə apardılar. Hətta deyərdim ki, oyunun bəzi məqamlarında üstünlük tamamilə komandamız tərəfdə oldu. Bu cür oyunlarda nəticə önəmli deyil. Önəmli olan komandanın hazırlığını yoxlamaq, çatışmazlıqları üzə çıxarmaqdır. Bu qarşılaşma həm səhvlərimizi görmək, həm gənc futbolçularımızın potensialını müəyyənləşdirmək, həm də onların beynəlxalq oyun təcrübəsi əldə etməsi baxımından mühüm rol oynadı”.