Futbolumuzun gizli “lyuk qapağı”

Rəşad Fərhadoğlu

Seçilmək gözəl şeydi. Amma buna nail olmaq üçün çalışmaq ondan da gözəldi. Demokratik prinsiplərlə. Mübarizə aparmaq önəmlidi. Çünki mübariz ruhda olmaq, yaşamağın, yaşayarkən yaratmağın onurğa sütunudu. Azərbaycan adlı Cənubi Qafqazın ən mükəmməl, qeyri-adi ölkəsində bu hal istisnadı. Bizdə mükəmməl olan nəyəsə barmaq eləmək, hazırın nazirinə sahib olmaq daha çox dəbdədi. Məsələn, torpağımızın 20 faizi işğal altındadı, amma kağız üzərində dünyanın ən qüdrətli ordularından birinə sahibik. Ona görə ki, bizim üçün statistika reallıqdan daha üstündü.

20 faizlik “peşkəş”in içində Ağdam da var. Onun BMT-nin qaçqın saydığı əhalisi də var. Lap elə komandası da. Güclü ordumuzun güclü başbilənləri sayəsində Ağdamın “Qarabağ” adlı komandası Bakıda çempion olur və biz buna sevinirik. Beynimiz, daha doğrusu, beyinsizliyimiz bunu labüd edir. “Qarabağ”ın topla edə bildiyini, ABŞ-ın dəniz piyadalarından “güclü” ordumuz top-tüfənglə edə bilmir, amma statistikamızda ordumuz “Qarabağ”dan üstündü. Azərbaycan reallığı başqa nəmənədi!

“Sabahın ulduzları” ilə eyni statusda olan Azərbaycan çempionatı – Bakı birinciliyində “Qarabağ”ın birinci olmasından, bir gecənin içində Mədətov soyadını Əmrəli soyadına dəyişən Mahirin addımı daha səs-küylü oldu. Azərbaycan mühiti başqa zıppıltıdı!

Qlamur rəhbərliyi sayəsində qlamurlaşan “Neftçi” əzəli rəqibi və “əbədi böyüy”ünə yenə boyun əydi. Çünki özündən fərqli olaraq, gündə bir hava çalan deyil, həmişə eyni avazda olan komanda çempionluğu hədəf seçmişdi. “Qarabağ”da idarəetmə və komanda bir-birindən ayrıdı. Bu, aksiomadı. Rəhbərlik burnunu hara gəldi dürtmür. Komanda bunu görür, hiss edir. Nəticədə qızıl medallar özü bu kollektivi tapır. “Neftçi”də isə hər şey əksinədi. Futboldan anlayışı olmayanlar belə, bunu görür. Pulsilmə pul qazanmaq üçün gözəl şeydi!

Qurban Qurbanov yenə çempion oldu. Bu, həmin Qurbandı ki, milli komandadan qovuldu. “Tələblər”ə cavab verə bilmədiyi üçün. Futboldan “başı çıxmadığı” üçün. Və ən əsası, sözə qulaq asmadığı üçün. Qurbanov üçün millidə də nəticə vermək asan idi, amma mühit o mühit olsaydı. İdarəetmə “Qarabağ”dakı idarəetmə olsaydı. Ardıcıl çempionluqlara görə Ağdam təmsilçisi kimə borcludu? Təbii ki, onlar özbaşına çempion olmadılar. Qızıl medallara sahib çıxmaları AFFA rəhbərliyinin, konkretləşdirsək, Elxan Məmmədov adlı şəxsin bu komandaya əlinin çatmamasıdı. Əlini, yaxud ayağını “Qarabağ”a soxsaydı, vəziyyət baş katibin doğma dili kimi olacaqdı – “urusca”. Amma “bakirəliy”i qoruya bilirlər. Bu da səviyyəyə təsirsiz ötüşmür.

AFFA Azərbaycan futbolu üçün Formula 1-də qəzaya səbəb olan gizli “lyuk qapağı” kimi bir şeydi. Ondan yan keçən nəticə verə bilər, əksi olanda isə…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button