Futbolda 5 əvəzetmə qaydası təsdiqləndi

Futbolda oyun qaydalarını müəyyən edən IFAB FİFA-dan gələn təklifi dəyərləndirərək oyunçu dəyişiklikləri qaydalarında düzəliş edib.

Komanda.az xəbər verir ki, bu düzəlişlər müvəqqətidir və yalnız 2019/20 sezonu üçün şamil edilir.

Sözügedən dəyişikliklərin şamil edilməsi yarışların təşkilatçılarının ixtiyarındadır və bunun üçün quruma müraciət etməsi lazım deyil (yəni 3, 4 və ya 5 dəyişikliyi tətbiq etmək yarış təşkilatçının ixtiyarındadır ).

“Oyun Qaydaları”, 3-cü maddəyə edilən dəyişikliklər:

• Hər komandaya matç ərzində maksimum 5 oyunçu dəyişikliyi etməyə icazə veriləcək;

• Matçın gedişatına mənfi təsir etməmək məqsədi ilə hər komandaya oyun ərzində maksimum 3 dəfə oyunçu dəyişikliyi etməyə icazə veriləcək;

• Komandalar fasilədə də dəyişiklik edə bilərlər (bu,3 dəfə nəzərdə tutulan limitə daxil deyil)

• Əgər hər iki komanda eyni vaxtda dəyişiklik edirsə, bu, onların hər birinin 3 dəfə dəyişiklik etmək limitindən çıxılacaq;

• İstifadə edilməyən oyunçu dəyişiklikləri (5) və dəyişiklik limitləri(3) əlavə edilmiş vaxta (extra-time) daşınacaq;

• Əgər oyunun keçirildiyi cari yarış qaydalarına əsasən, oyun əlavə edilmiş vaxta gedərkən (2 hissədən ibarət ekstra), komandalara bir əlavə dəyişiklik haqqı verilirsə, bu zaman hər iki komanda üçün əlavə 1 oyunçu dəyişikliyi hüququ və 1 dəyişiklik etmək şansı yaranacaq (oyun ərzində 5 oyunçu və 3 dəfə dəyişiklik etmək haqqından istifadə edib-etməməsindən asılı olmayaraq).

• Komandaların ekstra hissələr başlamadan öncə və hər iki hissə arasındakı fasilədə etdiyi dəyişikliklər onlara verilmiş dəyişiklik etmək limitindən çıxılmayacaq (3+1) .

Qeyd: dəyişilən oyunçunun yenidən oyuna daxil olması yüksək çempionatlar üçün keçərli deyil.