Ermənistan yığmasının 52 hücum cəhdi, Azərbaycanın isə… – Yazı+Fotolar

Futbol üzrə Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsinin ilk 3 turundan sonra yer aldığı A qrupunun sonuncusudur. Seçmə mərhələdə iki oyun keçirən yığma Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabıyla məğlub olub. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv yoldaşlıq görüşündə isə Qətərə uduzub – 1:2.

Azərbaycan yığmasının yer aldığı qrupda Portuqaliya millisi 7 xalla liderdir. Son matçda Azərbaycanı məğlub edən Serbiyanın da eyni – 7 xalı olmasına baxmayaraq, ikinci sırada qərarlaşıb. İlk turda İrlandiyanı məğlub edən Lüksemburq 3-cü, irlandlar isə 0 xalla 4-cüdür.

Azərbaycan milli komandası qrupdakı ilk matçını İtaliyada Portuqaliyaya qarşı keçirib. Qarşılaşma gözlənildiyi kimi, portuqalların aşkar üstünlüyü ilə keçib. Topa sahib olma nisbəti 69 faiz Portuqaliya millisinin xeyrinə olub. 29 hücum cəhdi edən portuqallar qapıya 23 zərbə endirib ki, bunların 14-ü dəqiq olub. Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin möhtəşəm performansı nəticəsində, rəqibin endirdiyi heç bir zərbə qolla nəticələnməyib. Matçdakı yeganə qolu Maksim Medvedev öz qapısına vurub. Azərbaycan yığması Portuqaliya qarşısında 31 faiz topa sahib olma ilə oynayıb. 4 hücum cəhdi edən millimiz 2 dəfə qapıya zərbə endirsə də, vuruşlar uğursuz alınıb.

Qətərlə yoxlama matçı da rəqibin üstünlüyü ilə keçib. Topa sahib olmada ərəblər 53 faizlə üstün olub. Qətərin 13 hücum cəhdində qapıya 10 zərbə endirilib, 6-sı dəqiq olub. İlk qolu penaltidən vuran qətərlilər, qoldan 3 dəqiqə sonra yenidən fərqlənməyi bacarıb. Matçda 5 hücum cəhdi olan Azərbaycan yığmasının yeganə qolunu Ramil Şeydayev penaltidən vurub. Bundan başqa, qapıya endirilən 4 zərbədən 3-ü “çərçivə”yə getsə də, qolla nəticələnməyib.

Azərbaycan yığmasının Serbiya ilə matçı da rəqibin üstünlüyü ilə keçib. Topa 62 faiz sahib olan serblər 18 hücum cəhdi edib, 16 dəfə qapıya zərbə endirib. Bunlardan 9-u qapıya gedib, 7-si isə uğursuz olub. Azərbaycan millisi isə 8 hücum cəhdi edib. Qapıya endirilən 5 zərbədən isə 2-sini rəqib qapıçı qurtarıb. Azərbaycan yığması bu matçda da yeganə qolunu penaltidən vurub. Emin Mahmudov 59-cu dəqiqədə Serbiyanın qapıçısı Predraq Raykoviçi məyus etməyi bacarıb.

Ermənistan milli komandası da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində 3 oyun keçirib. J qrupunda yer alan ermənilər hər üç oyunda maksimal nəticə göstərərək, liderdir. Ermənistan yığması ilk turda səfərdə Lixtenşteyni (1:0), ikinci turda İslandiyanı doğma meydanda (2:0), üçüncü turda isə Rumıniyanı yenə evdə 3:2 hesabıyla məğlub etməyi bacarıb. Ermənistan yığması DÇ-2022-nin seçmə mərhələnin ilk 3 turunun yekunlarına görə, qarşılaşmalarda ən çox hücum edən 5 komandadan biridir. Baş məşqçisi ispan Xoakin Kaparros olan komanda, 3 oyunda 52 dəfə rəqib qapısına hücum edib.

Lixtenşteynlə oyunda topa sahib olmada 69 faiz üstünlük əldə edən ermənilər, 26 hücum cəhdi edib. Bu qarşılaşmada 20 dəfə rəqib qapısına zərbə endirən ermənilərə 3 xalı qazandıran isə rəqib futbolçu Frommeltin avtoqolu olub. Matçda Lixtenşteyn yığmasının ermənilərin qapısına nə zərbəsi, nə də hücum cəhdi olub.

İslandiya ilə matçda topa sahib olmada rəqibindən geri qalan (39 faiz) Ermənistan yığması, 11 hücum cəhdində 9 dəfə qapıya zərbə endirib, bunların 2-si qolla nəticələnib. Oyun 57 faiz topa sahib olma ilə islandların üstünlüyü ilə keçsə də, ermənilər “çərçivə”ni toxunulmaz saxlaya bilib. İslandiya yığmasının 15 hücum cəhdinin 8-i qapıya zərbə ilə yekunlaşsa da, erməniləri məyus etmək mümkün olmayıb.

Ermənistan yığmasının qrupdakı 3-cü matçı Rumıniya millisinə qarşı olub. Ermənilərin topa sahib olma faizi 40, rumıniyalılarda isə 60 olub. 15 hücum cəhdi edən Ermənistan yığması, qapıya 11 zərbə endirib və 3 dəfə toru silkələməyi bacarıb. Rumıniya yığması 13 hücum cəhdində 12 dəfə qapıya zərbə endirib, 2 qol vurub. Hesabı meydan sahibləri açıb. Rumıniya millisi qarşılaşmanın 87-ci dəqiqəsinə qədər hesabda 2:1 öndə olsa da, iki dəqiqədə 2 qol buraxaraq, görüşü xalsız tərk edib. Ermənistan yığması 87 və 89-cu dəqiqədə fərqlənməyi bacarıb.

Azərbaycan yığması seçmə mərhələdə növbəti oyununu sentyabrın 1-də Lüksemburqa, Ermənistan millisi isə sentyabrın 2-də Şimali Makedoniyaya qarşı keçirəcək. Azərbaycan millisinin DÇ-2022-nin əsas mərhələsinə yollanmaq şansları az olsa da, ermənilərin Qətərə yollanmaq imkanları daha çoxdur.

Ötən ilin sentyabrında başlayan və 44 gün davam edən Ermənistanla müharibədən qalib ayrılan Azərbaycan, bu gücünü futbolda əks etdirə bilmir. Ermənistan, Malta, Lüksemburq, Şimali Makedoniya kimi komandalar artıq Avropa arenasında özlərindən qat-qat güclü rəqiblərə qarşı yaxşı oyun nümayiş etdirir, xallar qazanır. Lakin Azərbaycan yığması nəinki inkişaf etmir, heç yerində də saya bilmir. Komandamız ildən-ilə geri gedir. Hara kimi gedəcək, onu zamanla görəcəyik.

Komanda.az