“Futbol dayanmır e, qabağa gedir, qabağa” – Müsahibə

“Sumqayıt” klubunun aşağı yaş qrupları üzrə koordinatoru Sabir Əliyevin Komanda.az saytına müsahibəsi:

“Sumqayıt”ın əsas komandasında çalışdıqdan sonra klubun aşağı yaş qrupları üzrə kordinatoru keçməyinizə səbəb nə idi?

– Futbolun içində olmaq. Bu günə kimi qazandığım təcrübəni aşağı yaş qruplarıyla bölüşmək istəyirdim.

– “Sumqayıt”ın əsas komandasında, eləcə də, aşağı yaş kateqoriyası üzrə müxtəlif komandalarında da vəziyyət qənaətbəxş deyil…

– Mən çalışdığım, koordinatoru olduğum aşağı yaş qruplarından biri 1-ci, biri isə 3-cü yerdə gedir. O biriləri mənə aid deyil. Sözsüz ki, bizim kluba aid olan məsələdir. Ancaq nə bilim…

– “Sumqayıt”ın qış fasiləsindən sonra keçirdiyi dörd oyunda da məğlub olaraq, son sıraya geriləməsinin səbəbi nədir?

– Yaxşı olardı ki, bu sualı komandanın baş məşqçisinə verəsiz. Nə deyə bilərəm, nə deyim?

– Əvvəl siz də, bu klubun baş məşqçisi olmusuz, o dövrdəki komandayla indiki komanda arasındakı fərq nədir?

– Mən çalışdığım dövr tamam fərqli idi. Deməzdim ki, o dövr indikindən zəif idi. Əksinə, mən çalışanda komanda sayı çox idi. Çoxlu oyunlar keçirir, güclü komandalarla qarşılaşırdıq. Hazırda 8 komandadır. Bunların da ikisini çıxmaq şərtilə, qalanları hardasa eyni gücdədir. Bir-birlərindən azca fərqi ola bilər. Ona görə də, bu komandalar bir-birləri ilə qarşılaşanda çətinlik çəkirlər.

– Bir müddət əvvəl Türkiyənin “Altınordu” klubunun düşərgəsinə yollanmışdız…

– 30-40 ilə yaxındır futbolun içindəyəm. Müəyyən qədər təcrübəm var. “Altınordu” klubu Avropaya çoxlu gənc futbolçular çıxarıb. Ora gedərək, onların iş strukturlarını öyrənib, hansı üsulla və necə işləyirlər – bu barədə bəhrələnmişik.

– Son illərdə “Sumqayıt”da gənc futbolçu yetişmir. Bir müddət əvvəl 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşqtoplanışı üçün heyəti açıqlandı. Ancaq “Sumqayıt”dan heç kim dəvət almadı…

– U-17-də hələ ki, tam heyət qurulmayıb. Müxtəlif xarakterli toplanışlar keçirilir. Sözsüz ki, “Sumqayıt”dan da bir neçə futbolçu olacaq. Onlarla danışmışam və deyiblər ki, bütün futbolçular çağırılıb, yoxlanılacaq. Hələ tam komandanı formalaşdırmayıblar. Bütün yerli futbolçuların hamısı baxışdan keçəcək, belə deyiblər.

– Çalışdığınız yaş qruplarında elə futbolçu varmı ki, 4-5 ildən sonra Avropaya yollanacaqlarını düşünürsüz?

– Məndə balacalardır, 2007-2012 təvəllüdlü uşaqlardır. Bu haqda tam deyə bilmərəm. Ancaq bilirəm ki, tam istedadlı və bacarıqlı uşaqlardır. Biz burda yetişdirib, yuxarıya göndərəcəyik. Orda artıq nə olacaq, nələr baş verəcək, deyə bilmərəm. Bütün məşqçilərin səviyyəsi eyni olmalıdır. Aşağı yaş qruplarının da, yuxarıların da. Yuxarı yaş qruplarına getdikdə, fərq olmamalıdır. Burda iş başqa cür gedir, yuxarı çıxanda başqa cür. Sonra uşaqlar pozulur, yoxa çıxır. Mən belə başa düşürəm.

– Aşağı yaş qrupları və yuxarılar arasındakı balansı pozan nədir?

– Balansı pozan məşqçilərdir. Məşqçilərlə çox çalışmaq lazımdır. Axtarıb, tapıb, o məşqçiləri işlətmək lazımdır ki, həqiqətən də, onlar futbolu çox sevir, həm də öyrənmək istəyir. İndiki məşqçilərin əksəriyyətinə bir söz deyirsən, deyir mən onu bilirəm. Hansına söz deyirsən ki, bunu belə elə, deyir, bilirəm. Mənim bu yaşım var, mən deyirəm heç nə bilmirəm. Futbol dayanmır e, qabağa gedir, qabağa. “Altınordu”da,  Zaqreb “Dinamo”sunda, Almaniyanın “Köln” klubunda seminarlarda olmuşam. Mən niyə gedirdim bəs? Bu yaşımda nə olmuşdu mənə, gedirdim? Məşqçilər dayanmamalıdır, dünya futbolu ilə ayaqlaşmalıdırlar. Özləri öyrənib, uşaqlara öyrətməlidirlər. Buna görə də, biz uşaq futbolunda axsayırıq. Xırda detallar var ki, bunları deyə bilmirəm. O xırda detallara kimi, uşaqlara aşılamaq lazımdır.

– Belə çıxır, siz düşünürsüz ki, uşaq futbolunun pis vəziyyətdə olmasının əsas problemi məşqçilərdədir?

– Bəli. Biz indi Avropaya futbolçu göndərə bilmiriksə, bunun əsas problemi məşqçilərdədir.

Şahin Cəfərov