Fransaya səs salan türklər – Yazı+Fotolar

Fransa Liqa 1-də geridə qalan 16 turdan sonra turnir cədvəlinin lideri “Lill” klubudur.

Lill şəhərini təmsil edən, bir neçə türk futbolçunun da formasını geyindiyi komandanı fransız mütəxəssis Kristofer Qalte çalışdırır. 54 yaşlı baş məşqçi 2017-ci ilin mayından “Lill”in “sükanı arxasında”dır.

Ötən mövsümdə Liqa 1-i 4-cü sırada tamamlayan və Avropa Liqasına vəsiqə qazanan “Lill” yer aldığı H qrupunu 11 xalla 2-ci sırada tamamlayıb və 1/16 finala yüksəlib. H qrupunda “Lill”lə yanaşı, “Milan” (İtaliya), “Seltik” (Şotlandiya) və “Sparta” (Praqa, Çexiya) mübarizə aparırdı. “Lill” Avropa Liqasının 1/16 final mərhələsində Niderlandın “Ayaks” komandasıyla qarşılaşacaq.

“Lill”in heyətində Türkiyə, Xorvatiya, Portuqaliya, Fransa, Mozambik və Yunanıstan yığmalarının futbolçuları yer alır.

Türkiyəli futbolçular – Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelik “Lill”in bu mövsüm qazandığı qələbələrdə böyük pay sahibidir.

Vətənində “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça” kimi klubların şərəfini qoruyan Burak, bu mövsümün əvvəlində “Lill”ə qoşulub. 35 yaşı olmasına baxmayaraq, təcrübəsiylə komandasına fayda verən hücumçu, 19 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Burak, Liqa 1-də 6 qolla bombardirlər siyahısında 9-cu sıradadır.

Yusuf Yazıcı da Burak kimi, bu mövsümün əvvəlində fransızlara qoşulub. “Lill”lə 21 oyuna çıxan 23 yaşlı türk futbolçu 11 qol vurub, 3 məhsuldar ötürmə edib. Yusuf, Avropa Liqasında “Milan”a qarşı keçirilən səfər matçında (3:0) het-trik edərək, adından söz etdirməyi bacarmışdı. Türkiyə yığmasına da dəvət alan Yusuf, həmin həftə AL-də turun futbolçusu seçilmişdi. Yazıcı, qol sevincini qeyd edərkən əllərini göyə açaraq, Y hərfini işarə edir. Artıq komanda yoldaşları da ona dəstək verərək, bu sevinci birgə yaşayır.

“Lill”də çıxış edən digər türk isə Zeki Çelikdir. Müdafiəçi digər həmyerlilərindən fərqli olaraq, 2018-ci ildən Liqa 1 klubunun uğurları üçün çalışır. Müdafiənin sağ cinahında oynayan Zeki, bu mövsüm 14 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Çelik, məhz “Lill”də sərgilədiyi performansla Türkiyə yığmasına dəvət alıb.

Türkiyə mətbuatı “Lill”in Türkiyəyə skautlarını göndərdiyini və mütəmadi olaraq gənc yerli futbolçuları izlədiyini yazır. Bir müddət əvvəl “Qalatasaray”ın yetirməsi olan Mustafa Kapı da Fransa klubu ilə 5 illik müqavilə imzalayıb. 18 yaşlı yarımmüdafiəçi “Lill”in B komandasında çıxış edir.

“Lill”in heyətində Bubakari Sumare, Conatan Bamba, Renato Sançes, Conatan İkon kimi futbolçular da bu mövsümkü performanslarına görə artıq Avropanın nəhəng klublarının hədəfinə çevriliblər.

“Lill” Liqa 1-də 33 xalla liderdir. Son çempion PSJ 32 xalla 2-ci sıradadır. Komandalar çempionatın son turunda üz-üzə gəlmiş və qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdı.

Burak Yılmaz
Yusuf Yazıcı
Zeki Çelik

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button