Finalçılar bəlli oldu

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin 3-cü oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayına ilk olaraq əzəli rəqiblər – “Araz” və EKOL çıxıb. Pley-off mərhələsində hərəyə bir qələbə qazanan tərəflərin düşərgəsində ab-hava fərqli idi. Belə ki, “Araz”da cəzası başa çatmış Xətai Bağırovla İsa Atayev komandasına kömək edirdisə, EKOL-da vəziyyət əksinə idi. İkinci oyundan sonra cəzalıların sayı artmışdı. Fərid Ələkbərovla Ramiz Çovdarov Emin Kürdovla birgə matçı tribunadan izləməyə məhkum olmuşdu. Zaur Fərziyevin adı protokola daxil edilsə də, zədəsi ciddi olduğundan komandasına ehtiyat oyunçular skamyasından dəstək olurdu. Oyuna gəldikdə, qarşılıqlı hücumların qurulduğu ilk yarıda cəmi bir qol vuruldu. Ali Mikaeli “Araz”ın fasiləyə qalib yollanmasını təmin etdi. İkinci hissədə əvvəlcə EKOL status-kvonu bərpa etdi, amma cəmi 1 dəqiqə sonra Atayev hesabı “Araz”ın xeyrinə dəyişdi. Atayev 31-ci dəqiqədə dubl etməklə fərqi də artırdı. Oyunun başa çatmasına 2 dəqiqə qalmış Xətai Bağırov boş qapını nişan almaqla həm dönüşünü qolla qeyd etdi, həm də komandasının finala gedən yolda son qolunu vurdu. Beləliklə seriyada 2:1 hesabı ilə önə keçən “Araz” finalda oynamaq hüququ qazandı.

Mərhələnin ikinci oyununda üz-üzə gələn komandalardan “Neftçi”də itkilərin sayı çoxalmışdı. Rüfət Balakişiyevdən sonra Salar Şahnazi də komandasına kömək edə bilmirdi. Meydana tam heyətlə çıxan “Xəzər Cənub”u dəstəkləmək üçün Aura İdman Kompleksinin yetirmələri yenə Bakı İdman Sarayına təşrif buyurmuşdular.
Oyunda hesabı “Neftçi” açdı. Katebinin zərbəsi Hamidi üçün qarşısıalınmaz oldu. Baxşəlizdə isə künc nöqtəsindən ötürməni tora qovuşdurmaqla fərqi 2 topa çatdırdı. Növbəti qolun müəllifi olan Katebi dubl etməklə komandasına bir qədər sakit oynamaq üçün şərait yaratdı. Ancaq hissənin sonlarına yaxın “Xəzər Cənub” fərqi azaltdı. Bombardirlər yarışına başçılıq edən Hadi Rezvan pley-off mərhələsində ilk qolunu vurdu. İkinci hissəyə nominal qonaqlar qolla başladı. Surqalının uzaq küncə istiqamətləndirdiyi top tora qovuşdu. 25-ci dəqiqədə Şahabın qapı xəttindən penalti nöqtəsinə ötürməsini Farid qapıdan keçirdi. Hadinin ikinci qolu komandasını hesabda ilkə dəfə önə keçirdi. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi”də Baxşəlizadə tablodakı rəqəmləri eyniləşdirdi. Ancaq 20 saniyə sonra Qalapurun cərimə zərbəsindən fərqlənməsinə mane olan tapılmadı. Matçın başa çatmasına 8 dəqiqə qalmış Baxşəlizadə het-trik etməklə hesabı bərabərləşdirdi. Nəticədə pley-off mərhələsində ilk dəfə komandalar hər bir 5 dəqiqədən ibarət iki hissədə mübarizə aparmalı oldu. Birinci əlavə vaxtda hesab dəyişmədi. İkinci əlavə vaxtın başa çatmasına 16 saniyə qalmış “Xəzər Cənub” duelin taleyini həll edən qolu vurdu.

Beləliklə, finalda “Xəzər Cənub”la “Araz” üz-üzə gələcək.

Yüksək Liqa, pley-off mərhələsi, 3-cü oyunlar

14 may

Araz – EKOL 4:1
Qol
: A.Mikaeli, 10:21. İ.Atayev, 28:14; 30:56. X.Bağırov, 38:10 – Ə. Abasov, 27:25.
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Fuad Həsənov.
Bakı İdman Sarayı. Saat 14:30.
Əvvəlki oyunların nəticələri: 4:6, 3:0.

Neftçi İK – Xəzər Cənub 5:6
Qol
: M.Katebi, 06:19; 16:27. O.Baxşəlizadə, 10:29; 33:55; 39:52 – H.Rezvan, 17:21; 29:56. İ.Surqalı, 22:22. F.Mazaheri, 25:58; 49:44. R. Qalapur, 34:16.
Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Elvin Ağayev.
Bakı İdman Sarayı. Saat 17:00
Əvvəlki oyunların nəticələri: 4:3, 4:8