“Final matçında onu saxlamaq məcburiyyətindəyik” – De Yonq

UEFA Millətlər Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərə millisinə 3:1 hesabı ilə qalib gələn Hollandiya yığmasının yarımmüdafiəçisi Frenki de Yonq matçdan sonra açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, qələbə ilə bağlı bunları deyib:

“Oyundan sonra baş məşqçi eyni ruhda davam etməyimizi dedi. Müdafiə və yarımmüdafiə arasında bir çox boşluqlar vardı. Topla oyun üzərində daha çox işləməliyik.

Oyuna nəzarət etməyimiz bizi gücləndirən əsas faktorlardandır. Eyni zamanda, bir-birimiz üçün çalışmağımız da bizi daha güclü edir”.

“Barselona”ya transfer olunan futbolçu, Portuqaliya ilə keçirəcəkləri final matçı haqqında da danışıb:

“Bu mövsüm bizim üçün möhtəşəm oldu. Təəssüf ki, “Ayaks”la Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizəni dayandırdıq. İndi isə başqa bir titul qazanmaq üçün şansımız var.

Portuqaliya millisində bir çox yaxşı futbolçu var. Onların İsveçrə ilə oyununu izlədik. Kriştiano Ronaldo həmin oyunun taleyini həll etdi. Final matçında onu saxlamaq məcburiyyətindəyik”.