Ferdinandın 100 faiz əmin olduğu məsələ

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Kriştiano Ronaldonun İngiltərə klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Ferdinand, portuqaliyalı hücumçunun “Mançester Yunayted”də qalacağına əmin olduğunu deyib:

“Mən Ronaldonun “Mançester Yunayted”də qalacağına yüz faiz əminəm. O, azarkeşlərə, gənc oyunçulara təsir edəcək və yeni baş məşqçi Erik ten Haqa komanda mədəniyyətini yenidən qurmağa kömək edəcək. Yeni baş məşqçi ideyalarını konkret oyunçular vasitəsilə həyata keçirəcək və Kriştiano da onlardan biri olacaq. O, fədakar, çalışqan və xarakterlidir”.

37 yaşlı portuqaliyalı futbolçu cari mövsümdə bütün turnirlərdə “Mançester Yunayted”in heyətində 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.