“A kişi, Azərbaycanda futbol yoxdur, bu 4 vitse-prezident nəyi idarə edəcək?” – Müsahibə

Sabiq FİFA referisi, Avropa Mini futbol Federasiyasının Hakimlər Komitəsinin təlim-təhsil qrupunun rəhbəri və Dünya Mini futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Əfqan Həmzəyev də AFFA-dan narazı olanlardandır. Həmzəyev həm də, bir müddət sonra keçiriləcək Milli Məclisə deputat seçkilərində namizədliyini irəli sürüb. Onunla həm bu, həm də başqa məsələlər haqda danışdıq:

  • Suraxanı 32 saylı 3-cü seçki dairəsindən namizədliyimi vermişəm. Namizədliyim təsdiq olunub. Allahın izni ilə ayın 17-dən sonra rəsmi olaraq təbliğat-təşviqat kampaniyasına başlayacağıq.
  • Azərbaycan futbolunun hazırkı durumunu necə şərh edərdiz?
  • Azərbaycanda futbol çox pis halda, bərbad gündədir. Azərbaycan futbolu Bakı şəhərində cəmləşib. Bütün ölkə futboldan təcrid olunub, azarkeşlər stadionlardan küsdürülüb. Komandalar pis gündədir. Görürsüz, biri dağılır, biri qurulur. Heç kimin harayına çatan yoxdur. Futbol prinsipləri ayaqlar altına atılıb, tapdalanır. Divizionda yer tutan Premyer Liqaya gəlmir, Premyer Liqada sonuncu olan aşağı düşmür. AFFA FİFA və UEFA-nın bütün nizamnamələrinə tüpürüb, bütün komandaların maliyyəsini öz üzərinə götürür. Belə hallar olanda federasiyalar cəzalandırılır, ancaq FİFA və UEFA AFFA-ya bunu tətbiq etmir.
  • Belədirsə, nə üçün FİFA və UEFA hansısa cəza tətbiq etmir?
  • Nəyin səbəbinə cəza olmadığını federasiya rəhbərləri çox gözəl bilir. Nə deyim?
  • AFFA-nın növbədənkənar konfransında nizamnaməyə bir sıra dəyişikliklər edildi. Bu haqda düşüncələriniz nədir?
  • Bu, sadəcə olaraq AFFA-nın birmənalı şəkildə Elxan Məmmədovun tərəfindən ələ keçirilməsinin son akkordları idi. Son nöqtə də yanvarın 28-də qoyulacaq. Futbolun biabırçılığından, yerin dibinə basdırılmasından yazılır. Ancaq bunun Elxan Məmmədova deyəsən, heç bir aidiyyatı yoxdur. O adam yəqin Azərbaycanda yaşamır, ya da futbol ictimaiyyətini vecinə almır. Onun öz təxəyyülündə yaratdığı Azərbaycan futbol ictimaiyyəti onun ətrafında olan və hər sözünə “hə” deyən, əli, başı, qolu ilə təsdiqləyən futbol veteranlarından ibarətdir. Dili ilə yox ha! Çünki onların dili olsa, ağızlarını açıb, bərbad durumdan danışardılar. Danışmırlarsa, deməli, onlar əlləri, qolları, başları ilə Elxana “hə” deyən adamlardır. Nəyin qarşılığında “hə” deyirlər, bunu özləri yaxşı bilirlər. Bir əldə 5, 10, 20 qarpız tutmaları da buna misaldır. Artıq hər şey planlaşdırılıb, qərara alınıb. Və bütün bunlar yanvarın 28-də açıqlanacaq. Elxan Məmmədov AFFA-da olan bütün hakimiyyəti öz əlində cəmləşdirəcək. Bundan sonra futbolumuzu birdəfəlik dəfn etmək olar. Bu qərarların Azərbaycan futboluna heç bir faydasının olmadığını düşünürəm.
  • Konfransda İcraiyyə Komitəsinin üzvlərinin sayının da 11-dən 13-ə artırılması qərara alındı…
  • Təsəvvür eləyin, 8 komandalı çempionat var. Birinci dəstə adı altında diviziona əvəzediciləri doldurublar. Belə bir futbola, belə federasiyaya 13 üzv, 4 vitse-prezident nəyə, kimə lazımdır? Mənə deyin də, biri bunun izahını versin. A kişi, Azərbaycanda futbol yoxdur, bu 4 vitse-prezident nəyi idarə edəcək? Futbol olsun ki, idarə edəsən də. Liqalar çox ola, deyəsən hə, AFFA-nın başı çox qarışıqdır, çatdırmırlar, ona görə sayı artırırlar. Vallah, qardaş, mən bunu başa düşmürəm. Bu qərarlarla ümumilikdə bir nəfərin AFFA-da vahid idarəçilik edəcəyini düşünürəm.
  • Bəs vəziyyəti düzəltmək üçün nə etmək lazımdır?
  • Bu durumu ancaq bir yolla – rəhbərliyin istefası ilə düzəltmək olar. Elə bir rəhbər gəlməlidir ki, futbolun nə olduğunu bilib, qavrasınlar. İnkişafın hansı yöndə olduğunu bilsinlər. Baxın dünya futboluna, Gürcüstanda, Xorvatiyada federasiya prezidentləri futbolçu olub, futbol adamlarıdır. Bu işi bilən, anlayan adamlar lazımdır. Uşaq futbolu bərbad, böyük futbolumuz bədbəxt gündədir. Çempionat hansı prinsiplə keçirilir, bilinmir. Hakimlik bərbad gündədir. Hakimlər Komitəsinin sədri Frits Stuxlikə aylıq 17 min avro hansı işinə görə verilir? Üç ildir burdadır, hansı yeni hakimi çıxarıb ortalığa? Olanlar da Xaqani Məmmədovun dövründən olanlardır. Mən Xaqaninin vəkili deyiləm və onu müdafiə etmək fikrim yoxdur. Vallah, qardaş, sadəcə gülməlidir. Futbolun harasına baxırsan, dəhşətdir. AFFA futboldan uzaq insanların toplaşdığı bir qurumdur. Qapıdan içəri girirsən, AFFA-nın gözətçisi Nazim Süleymanova sual verir ki, “siz kimsiz və hara gedirsiz?” Bu, özü biabırçılıqdır e. Bunun izahı yoxdur. Futbol veteranları gündə ora getsə, idarə etsə, AFFA-nın gözətçisindən tutmuş, ən yüksək adamına kimi onu tanıyardı. Ordan-burdan yığılanlar gəlib AFFA-da işləyəndə, belə də olacaq da.
  • İnkişaf üçün nə lazımdır?
  • Yeni dövlət proqramı tətbiq olunmalıdır. Futbola böyük şirkətlər, biznesmenlər cəlb olunmalıdır. Türkiyədə xarici şirkətlərin qarşısına qoyulan ilk iş budur ki, mənim ölkəmdə pul qazanırsansa, ilk növbədə idman sahəsinə pul qoymalısan. Azərbaycanda görün nə qədər şirkət var, ancaq futbolla heç kim maraqlanmır. Parlamentdə belə bir qərar qəbul olundu ki, xarici şirkətlər idmana investisiya yatıracaqsa, ƏDV-nin 10 faizindən azaddır. Görün Azərbaycanda nə qədər xarici şirkətlər var. Onlar da bunları edərlər, ancaq futboldakılar onlara şərait yaratmır. Xarici şirkətlər də bilir ki, bura pul qoysa, pulunu batıracaq. Pillə-pillə gedilməlidir. Uşaq futbolundan başlayıb, inkişaf etdirmək lazımdır. Ötən il Rusiyanın prezidenti Vladimir Putin qərar verdi ki, Rusiyanın bütün ali məktəblərində idman kafedraları açılsın və futbol ora daxil edilsin. Bunun üçün də vəsait ayrıldı. Bəs bizdə nə oldu? Keçmiş təhsil naziri Mikayıl Cabbarov qərar qəbul edərək, ali məktəblərdəki idman kafedralarını ləğv etdi. Açığı, bu qərarı anlamadım ki, məqsəd nə idi. İdman hər kəs üçün vacibdir. Amma niyə ləğv olundu? Gənclər və İdman Nazirliyi ilə AFFA arasında əlaqə yoxdur. İdmana nəzarət edən əsas nazirlikdir. Birgə iş prinsipi yoxdur. Bərabər layihələr hazırlanıb, işlər görülməlidir. İşsiz qalan veteranlara da iş verilməlidir. Onlar həm pul qazanar, həm də futbolçulara nələrsə verərlər. O qədər boş layihələrə pullar xərclənilir ki… Bunlar nəyə lazımdır? Xaricdən mütəxəssislər gətirirlər, onlar nə edirlər? Öz məşqçilərimizə nə olub? Mən federasiya rəhbəri olsam, hər il yerli mütəxəssisləri xaricə göndərərəm ki, təcrübə qazansınlar. Tanınmış məşqçilərlə müqavilə imzalayaram, gəlib burda seminarlar keçərlər. Bunları AFFA etməlidir. Ancaq niyə etmirlər, özləri yaxşı bilirlər. Onlara futbol maraqlı deyil. Onlar üçün maraqlı olan gələn pullardır, başqa heç nə.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button