Federasiya prezidenti istefa verdi

Bolqarıstan Futbol İttifaqının prezidenti Borislav Mixaylov istefa verib.

Komanda.az xəbər verir ki, o, istefa ərizəsini oktyabrın 18-də İcraiyyə Komitəsinə təqdim edəcək.

Mixaylovun istefası AÇ-2020-nin seçmə mərhələsinin Bolqarıstan – İngiltərə oyununda yaşanan qalmaqalın yaratdığı gərginliklə bağlıdı. Həmin matç azarkeşlərin irqçi davranışlarına görə iki dəfə dayandırılıb. Belə ki, bolqar fanatlar top Rahim Sterlinq və Taylor Minqsdə olarkən tribunadan meymun səsləri çıxarmağa başlayıblar. Bolqarıstan millisinin kapitanı İvelin Popov hakim oyunu dayandıran zaman tribunalara yaxınlaşıb, azarkeşlərdən irqçi şüarlar səsləndirməmələrini tələb edib.

Üstəlik, Bolqarıstan yığması da bu oyunda biabırçı hesabla uduzub. Belə ki, oyun qonaqların 6:0 hesablı qələbəsiylə başa çatıb. Bolqarlar keçirdikləri 7 oyundan cəmi 3-də heç-heçə etməklə 3 xal qazanıblar və qrupda sonuncu pillədə qərarlaşıblar.

Bütün bunlardan sonra Bolqarıstanın baş naziri Boyko Borisov yerli futbol birliyinin rəhbərliyini istefaya çağırmışdı. Bunu Bolqarıstanın gənclər və idman naziri Krasen Kralov “Sky Sports”a açıqlamasında demişdi:

“Bu gün baş nazir Boyko Borisov mənə zəng vurdu. O, Bolqarıstan Futbol Birliyinin prezidenti Borislav Mixaylovun istefasına qədər qurumla əlaqələri, o cümlədən maliyyəni dayandırmağı əmr etdi. Mixaylovun istefasını təkcə dünənki hadisələrə görə deyil, Bolqarıstan futbolunun hazırkı vəziyyətinə görə istəyirik. Dövlət artıq bu cür davranışlara göz yuma bilməz”.

Qeyd edək ki, futbolçu kimi Bolqarıstan millisində 102 oyun keçirən Mixaylov 2005-ci ildən İttifaqın prezidenti vəzifəsini tuturdu.