Fərid Qayıbova 10 sual

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov dünən “Asan Radio”da verilişdə qonaq olub. Qayıbov ölkədə futbolun durumuna da toxunub və ona ünvanlanan “Azərbaycanda futbolun səviyyəsi nə zaman yüksələcək” sualına “bilmirəm” cavabı verib. Özü də gülərək.

İnsafən, Qayıbov nazir təyin olunandan sonra kifayət qədər aktiv, enerjili təsir bağışlayır. Tez-tez müxtəlif federasiyalara baş çəkir, məşqçilərlə, idmançılarla görüşür. Yəni pis başlamayıb. Onun futbolla bağlı suala cavab verərkən “bilmirəm” deməsini də səmimi qəbul edək. Amma Qayıbovun sonrakı açıqlamaları… Nazir gəlişigözəl cümlələr qurub:

“Komandalar yaranmalı, püxtələşməlidir. Dövlət hər şeyi yavaş-yavaş edir. Gənclərə deyirəm ki, hər şeyi dövlətdən gözləməyin. Regionlarda da aktiv, imkanlı insanlar var. Özümüz nəyisə edə biliriksə, niyə hər şeyi dövlətdən gözləyək”.

Mən biləni, Fərid Qayıbov gənclər və idman naziri təyin edilənə qədər də Azərbaycanda yaşayıb, dövlətin idmana, xüsusən də, futbola təsirini yaxşı bilir. Cənab nazirin dövlətin iş adamlarına təsirindən də xəbəri olmamış olmaz. Azərbaycanda yaşayan və hər şeydən xəbəri olan birinin “Hər şeyi dövlətdən gözləməyin. Regionlarda da aktiv, imkanlı insanlar var. Özümüz nəyisə edə biliriksə, niyə hər şeyi dövlətdən gözləyək” açıqlaması ən azı məntiqə sığmır.

Hörmətli nazir, aşağıdakı suallara cavab tapa bilsəz, ölkədə futbolun niyə bu vəziyyətdə olduğunu, təbirinizcə desək, imkanlı adamların niyə klublara sponsorluqdan boyun qaçırdığını, hətta bəlkə, “Azərbaycanda futbolun səviyyəsi nə zaman yüksələcək” sualının da cavabını biləcəksiz:

1-ci sual
“İnter” (indiki “Şamaxı”) klubunun sahibi Cahangir Hacıyev və Zaqatalanın “Simurq” klubunun prezidenti Anar Bəkirov indi hardadır?

2-ci sual
“Bakı” klubunun keçmiş sahibi və prezidenti Hafiz Məmmədovun harda və nə işlə məşğul olduğunu bilirsiz?

3-cü sual
“Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimovun yenicə həbsdən çıxdığından xəbəriniz var?

4-cü sual
Vaxtı ilə Azərbaycanı UEFA İntertoto Kubokunda təmsil etmiş “MKT-Araz”ın İmişlidəki, mərhum prezident Heydər Əliyevin adını daşıyan stadionunun qoyun-quzu otlağına çevrildiyini bilirsizmi?

5-ci sual
Vaxtı ilə Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Xəzər Lənkəran”ın milyonlarla manat vəsait hesabına inşa edilən, komandanın dağılmasından sonra sahibsiz qalan stadionunda olmusuzmu?

6-cı sual
Bir vaxtlar Azərbaycanda uşaq futbolunun əsas bazalarından sayılan “Bakı” klubunun stadionunun dağıdılaraq, yerində hazırda nə inşa edildiyindən xəbəriniz varmı?

7-ci sual
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Azərbaycanda terror əsdirdiyi, iş adamlarının var-dövlətini əlindən aldığı, bəzi biznesmenlərin başlarına gətirilənlərə dözməyərək, intihar etməsi barədə heçmi eşitməmisiz, ya da mətbuatda oxumamısız?

8-ci sual
Cənab nazir, “regionlarda aktiv, imkanlı insanlar var” ifadəsini işlədərkən kimləri nəzərdə tutursuz? Dönərçiləri, ya köşklərdə siqaret satanları?

9-cu sual
Rövnəq Abdullayev 14 ildir ki, AFFA-nın prezidenti postundadır. Dövlət ölkədə futbolun vəziyyətindən narahat və narazıdırsa, hər dəfə niyə Abdullayevin alternativ namizəd olmadan AFFA prezidenti “seçilməsini” təşkil edir?

10-cu sual
Cənab nazir, səbrlə yuxarıdakı sualları oxuyub, bura – sonuncu suala kimi gəlib çıxdızsa, “Azərbaycanda futbolun səviyyəsi nə zaman yüksələcək” sualının cavabı barədə bir daha düşünə bilərsizmi? Zəhmət olmasa… (Meydan TV)