“Fənərbaxça”nın futbolçusu “Başakşəhər”də

Türkiyə çempionu “Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Fənərbaxça”nın yarımmüdafiəçisi Dəniz Türüçü 1 illik icarəyə götürüb.

Bu barədə “Başakşəhər”in rəsmi saytı məlumat yayıb. Türkiyə millisinin də üzvü olan 27 yaşlı futbolçu yeni komandasında “23” nömrəli formanı geyinəcək.

Dəniz Türüç 2019-cu ildən “Fənərbaxça”nın uğurları üçün çalışırdı. O, bu komandadan öncə dörd mövsüm “Kayserispor”un formasını geyinib. Türkiyə millisində 6 matça çıxan futbolçu 1 qola imza atıb.

“Başakşəhər” öz futbolçusu Migel Vyeyranı da Belçikanın “Vasland-Beveren” klubuna icarəyə göndərib. 29 yaşlı portuqal futbolçu mövsümün sonuna kimi bu komandada forma geyinəcək. İstanbul təmsilçisi 2019-cu ildə transfer etdiyi mərkəz müdafiəçisini geridə qalan mövsümün ikinci dövrəsində Avstriyanın “Volfsberger” klubuna icarəyə vermişdi.