“Fənərbaxça”dan ayrılan futbolçu “Estudiantes”də

Futbol üzrə Argentina milli komandasının sabiq yarımmüdafiəçisi Xose Sosa Türkiyənin “Fənərbaxça” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonrakı karyerasını vətənində davam etdirəcək.

O, yetirməsi olduğu “Estudiantes”ə qayıdıb. Təcrübəli oyunçu köhnə-yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Xose Sosa peşəkar karyerasına məhz “Estudiantes”də başlayıb. O, 2002-2007-ci illər aralığında bu klubun əsas komandasında 148 oyuna 11 qol vurub. 2007-ci ildə Almaniyanın “Bayern” klubuna transfer olunan yarımmüdafiəçi, 2010-cu ildə icarə əsasında yenidən “Estudiantes”ə qayıdıb. Argentinalı futbolçu 2020-ci ildən “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisində keçirdiyi 2 mövsüm ərzində 63 oyuna çıxıb, 4 qol vurub. Təcrübəli futbolçu Türkiyədə “Beşiktaş” və “Trabzonspor”un da uğurları üçün çalışıb. O, İtaliyada “Napoli”, İtaliyada “Milan”, Ukraynada “Metallist” (Xarkov), İspaniyada “Atletiko” (Madrid) klublarının da formasını geyinib.

Sosa Argentina yığmasında 19 oyun keçirib, 1 qol vurub.