“Fənərbaxça” üçünü gətirdi, üçünü yola saldı

“Fənərbaxça” heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul klubu İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Dieqo Perottini, Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Dimitris Pelkası və İsveçrənin “Bazel” klubunun hücumçusu Kemal Ademini transfer edib.

Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Perotti ilə 2+1, Pelkas və Ademi ilə 3+1 illik müqavilə imzalanıb. Perrotti yeni komandasında “21”, Pelkas “14”, Ademi isə “99” nömrəli formanı geyinəcək.

Perotti 2016-cı ildən “Roma”da çıxış edirdi. 32 yaşlı argentinalı futbolçu karyerası ərzində “Deportivo Moron”, “Sevilya”, “Boka Xuniors”, “Cenoa” klublarında da çıxış edib. O, Argentina yığmasında da 5 oyun keçirib.

PAOK-un öz yetirməsi olan Pelkas, 2012-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. 26 yaşlı futbolçu bu komandanın heyətində 120-dən çox oyun keçirib. Yunanıstan yığmasının da üzvü olan futbolçu, “Apollon” və “Vitoriya Setubal” klublarında icarədə də oynayıb.

Almaniyada dünyaya gəlmiş Kosovo əsilli Kemal Ademi 2019-cu ilin yayından “Bazel”in uğurları üçün çalışırdı. 24 yaşlı hücumçu daha öncə “Ksamaks” və “Hoffenhaym” klublarının da formasını geyinib.

Yeri gəlmişkən, “Fənərbaxça” öz futbolçularından Allahyar Sayyadmaneş və Osman Ertuğrul Çetini icarəyə göndərib. Allahyar Ukraynanın “Zarya” klubuna, Osman isə “Altınordu”ya icarəyə verilib.

İranlı hücumçu Sayyadmaneş 2019-cu ilin mayından “Fənərbaxça”da idi. Lakin 19 yaşlı futbolçu İstanbul klubunun heyətində möhkəmlənə bilməyib. Bu üzdən o, geridə qalan mövsümün birinci dövrəsində “İstanbulspor”a icarəyə verilmişdi.

“Fənərbaxça”nın öz yetirməsi olan Osman Ertuğrul Çetin də mövsümün sonuna qədər “Altınordu” klubunda çıxış edəcək.

“Fənərbaxça” daha bir futbolçusu – Simon Falette də yollarını birdəfəlik ayırıb. Fransa doğumlu 28 yaşlı qvineyalı futbolçu Almaniyanın “Hannover” klubuna transfer olunub. O, bu ilin əvvəlində Frankfurt “Ayntraxt”ından icarəyə götürülmüşdü. Simon yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.