“Everton”dan 36 milyon avroluq transfer

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Lill” klubundan Amadu Onananı, həmçinin “Vulverhempton”dan Konor Koadini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Koadi 2022/23 mövsümünün sonunadək icarəyə götürülüb. Onana isə yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Koadinin transfer dəyəri 25 milyon avro qiymətləndirilir. Lakin onun müqaviləsində satınalma şərti nəzərdə tutulmayıb. Onananın transferi isə “Everton”a 36 milyon avroya başa gəlib.

Amadu Onana 2021-ci ilin avqustundan “Lill”də çıxış edirdi. Seneqaldan olsa da, Belçika vətəndaşlığı da olan 20 yaşlı futbolçu, “Lill”dən öncə Almaniyada “Hoffenhaym” və “Hamburq”da forma geyinib. Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış dayaq yarımmüdafiəçi, bu il əsas millidə də debüt edib.

Konor Koadi isə 2015-ci ildən “Vulverhempton”da çıxış edirdi. İngiltərə millisinin də üzvü olan mərkəz müdafiəçisi Premyer Liqa klubunda keçirdiyi 7 mövsüm ərzində 317 oyuna çıxıb, 7 qol vurub. O, daha öncə yetirməsi olduğu “Liverpul”da, həmçinin “Şeffild Yunayted” və “Haddersfild Taun”da da çıxış edib. 29 yaşlı futbolçu İngiltərə millisində 10 oyuna 1 qol vurub.

“Everton” gənc hücumçusu Luis Dobbini “Derbi Kaunti”yə, Natan Brodhedi isə “Uiqan”a icarəyə verdiyini də açıqlayıb. Hər iki oyunçu 2022/23 mövsümünün sonunadək icarədə olacaq. 19 yaşlı Dobbin hücumçudur və geridə qalan mövsümdə klubun əsas komandasında 5 oyuna çıxıb. 24 yaşlı Brodhed də hücumçudur. Uelsdən olan forvard əvvəlki mövsümlərdə “Barton” və “Sanderlend”də də icarədə oynayıb. O, öz klubunun əsas komandasında cəmi 2 oyuna çıxıb.

“Everton” daha bir gənc oyunçusu – Stenli Mills ilə də yeni müqavilə imzalayıb. 18 yaşlı yarımmüdafiəçi yeni sözləşməyə əsasən, 2025-ci ilin yayına kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək.