“Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”

“Ötən il Avropa çempionatına hazırlaşanda boynumdan zədə aldım. Müayinə zamanı boynumda iki yırtıq aşkarlandı”.

Komanda.az xəbər verir ki, bu fikirləri Azərbaycanın sərbəst güləş yığmasının məşqçisi təyin edilən Cəbrayıl Həsənov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Karyerasını bitirən 31 yaşlı sabiq güləşçi zədə səbəbindən qitə birinciliyində tam gücü ilə iştirak edə bilmədiyini söyləyib: “Açığı, Tokio Yay Olimpiya Oyunlarında çıxış etdikdən sonra karyeramı başa vurmağı planlaşdırırdım. Ancaq bu zədəyə görə məşqlərdə ağrılar qalmaqda idi. Ona görə də fikirləşdim ki, idmançı karyeramı başa vurum. İnanıram ki, bundan sonra məşqçi kimi fəaliyyətimi davam etdirəcəyəm. Federasiyanın prezident əvəzi Namiq Əliyevə məni bu vəzifəyə təyin etdiyi üçün təşəkkürümü bildirirəm. Məşqçi kimi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.

Həsənovun sözlərinə görə, hər idmançının ən böyük arzusu olimpiya çempionu olmaqdır: “Bu mənə nəsib olmasa da, olimpiya medalı qazana bilmişəm. Rio Olimpiadasındakı üçüncü yeri karyeramın ən böyük uğuru sayıram. Əslində Londonda da eyni nəticəyə imza ata bilərdim. Kubalı güləşçiylə görüşdə qələbə qazanmağa yaxın idim. Ancaq sona bir neçə saniyəyə qalmış səhv edərək məğlub oldum. Bu, ən məyus olduğum görüş oldu. Karyeram boyunca ən prinsipial rəqibim rusiyalı Aniuar Geduyev idi. Onunla müxtəlif yarışlarda qarşılaşmışıq”.

Millinin keçmiş kapitanı Şərif Şərifovun onu əvəzləməsinə də toxunub: “Şərif olimpiya, dünya və Avropa çempionumuzdur. Bu nəticəyə imza atan yeganə güləşçimizdir. İnşallah, kapitanlıq həm onun, həm komandamız üçün düşərli olar. İnşallah, komandamız Olimpiya Oyunlarında uğurlu çıxış edib, bayrağımızı yüksəldər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button