Erməniləri məğlub edib, “Qarabağ”a rəqib olan “sirli” “Düdelanj” Yazı+Fotolar

“Qarabağ” Avropa Liqasının A qrupunda “Sevilya”, APOEL və “Düdelanj”la mübarizə aparacaq. Ağdam təmsilçisinin kağız üzərində qrupda 2-ci yer üçün əsas rəqibi APOEL görünür. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kipr təmsilçisi ilə qarşılaşan “Qarabağ”, rəqibinin gücünü müəyyən qədər görüb. “Sevilya” isə məlum məsələdir, Əndəlüs təmsilçisi 5 dəfə Avropa Liqasının qalibi olmaqla, bu turnirin favoritlərindən olduğunu göstərir.

Qrupda gücü, nəyə qadir olduğu bilinməyən rəqib “Düdelanj”dır. Amma bir şeyi demək olar ki, Lüksemburq təmsilçisi nə “Qarabağ”, nə də başqaları üçün asan yem olacaq.

Lüksemburqun “Düdelanj” klubu 1991-ci ildə, üç komandanın – “Alyanz Düdelanj”, “Ştad Düdelanj” və “US Düdelanj”ın birləşməsindən yaranıb. Komanda Lüksemburqun cənub bölgəsində yerləşən Düdelanj şəhərini təmsil edir. Şəhərin eyniadlı komandası Lüksemburq milli çempionatında iştirak edir və turnirdə 15 dəfə qızıl medalın sahibi olub, 8 dəfə isə ölkə kubokuna yiyələnib.

“Düdelanj” 1996/97 mövsümündən etibarən iştirak etdiyi Lüksemburq Milli Divizionunda çempionluq üçün 4 il gözləməli olub. 1999/2000 mövsümündə ən yaxın izləyicisi və o zamanların dominant komandası olan “Jeness Eş” klubunu 11 xal qabaqlayaraq, tarixində ilk dəfə çempion adını qazanıb. Komanda ev oyunlarını 2558 nəfərlik azarkeş tutumu olan “Jos Nosbaum” stadionunda keçirir.

“Jos Nosbaum” stadionu

“Düdelanj” avrokuboklarda ilk dəfə 2004/2005 mövsümündə iştirak edib. Komanda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Avstriya “Rapid”inə məğlub olaraq, turnirlə erkən vidalaşıb.

“Düdelanj” 2012/13 mövsümündə ÇL-in ilk mərhələsində San Marinonun “Tre Penne” klubunu iki oyunun nəticəsinə görə, 11:0 hesabıyla məğlub edərək, 2-ci mərhələyə yüksəlib. Burda Avstriyanın “Zalsburq”unu mübarizədən kənarlaşdıran komanda (ilk oyun 1:0, cavab oyunu 3:4), 3-cü mərhələdə Sloveniya “Maribor”u ilə bacarmayıb.

2015/16 mövsümündə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində təmsilçimiz “Qarabağ”a rəqib olan lüksemburqlular, Bakıda iki cavabsız qolla uduzublar. Doğma meydanda 1:1 hesablı heç-heçəyə nail olan Lüksemburq təmsilçisi turnirlə vidalaşıb.

“Qarabağ” – “Düdelanj” 2:0

“Düdelanj” həm də, Lüksemburq futbolunda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk komanda kimi tarixə düşüb. Lüksemburq təmsilçisi avrokuboklar tarixindəki bu uğuruna ötən mövsümdə – 2018/19 mövsümündə nail olub. “Milan”, “Betis” və “Olimpiakos”la eyni qrupda mübarizə aparan “Düdelanj”, qrupu 1 xalla sonuncu sırada bitirib. 6 oyuna 3 qol vuran komanda, qapısında 16 top görüb.

“Milan” – “Düdelanj” 5:2

“Düdelanj” bu mövsüm avrokuboklarda mübarizəyə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən başlayıb. Ancaq Malta “Valletta”sı ilə bacarmayan Lüksemburq təmsilçisi, Avropa Liqasına yollanıb. Avroliqada 2-ci mərhələdə Makedoniya “Şkendiya”sını, 3-cü mərhələdə Estoniya “Nımme Kalyu”sunu mübarizədən kənarlaşdıran “Düdelanj” pley-offda Ermənistanın “Ararat” klubu ilə qarşılaşıb. İlk oyunda 1:2 hesabıyla məğlub olan lüksemburqlular, cavab oyununda 120 dəqiqəsi 2:1 hesabıyla bitən matçda penaltilər seriyasında daha dəqiq olub və klub tarixində ardıcıl 2-ci dəfə Avroliqada qrupa vəsiqə qazanıb.

“Düdelanj” – “Ararat” (2:1, penaltilər – 7:5)

“Düdelanj”ın “transfermarkt”da dəyəri 4,03 milyon avro göstərilib.

Komandanı belçikalı mütəxəssis Emilio Ferrera çalışdırır. 52 yaşlı mütəxəssis bu yay “Düdelanj”a baş məşqçi təyin olunub. Ferrera bundan əvvəl Belçika “Standard”ında köməkçi məşqçi kimi çalışıb.

“Düdelanj”ın heyətində ən dəyərli futbolçu Çarles Morrendir. Dayaq yarımmüdafiəçisinin qiyməti “transfermarkt”da 300 min avrodur.

Komandanın kapitanı isə Conatan Cobertdir. 39 yaşlı qapıçı 15 ildir ki, “Düdelanj”ın şərəfini qoruyur. Conatan Lüksemburq milli komandasının da üzvüdür. O, yığma ilə 90 oyuna çıxıb.

Conatan Cobert – kapitan

“Düdelanj” bu mövsüm heyətinə 23 futbolçu qatıb. Komandanın yaş ortalaması 24,4-dür. Ferreranın rəhbərliyi altında 24 legioner var. Komandada belçikalı və fransalı futbolçular üstünlük təşkil edir. Bunlardan əlavə, seneqallı, tunisli, portuqaliyalı oyunçular var.

Demək olar ki, yeni oyunçulardan qurulan “Düdelanj” ölkə çempionatına yaxşı başlamayıb. Bir oyunu təxirə salınan “Düdelanj” hazırda 5 turdan sonra 4 xalla 14 kollektiv arasında 11-ci pillədə qərarlaşıb. Hazırda komandanın ən sərrast futbolçusu Daniel Sinanidir. Lüksemburqlu hücumçu bu mövsüm iştirak etdiyi 10 oyunda 8 qol vurub. Sinani 2017-ci ildən “Düdelanj”da çıxış edir.

“Qarabağ”ın daha oturuşmuş heyətini nəzərə alsaq, “köhlən atlar” “Düdelanj” qarşısında favoritdir. Üstəlik, Qurban Qurbanovun və komandasının avrokuboklarda daha təcrübəli, heyətinin rəqibə görə daha səviyyəli olması “Düdelanj”la hər iki oyunda qələbə gözləmək üçün əsasdır.

“Düdelanj” UEFA reytinqində 169-cudursa, “Qarabağ” bu siyahıda 70-ci pillədədir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button