Ermənilər bəyanat yaydı – Azərbaycana qarşı təxribatla bağlı

Ermənistan Futbol Federasiyası və “Pünik” klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İrəvanda keçirilmiş matçda Azərbaycana qarşı törədilmiş təxribatla bağlı birgə bəyanat yayıb.

Komanda.az xəbər verir ki, bəyanatda bunlar qeyd edilib:

“Son vaxtlar Ermənistanda keçirilən beynəlxalq oyunlar zamanı futbol matçlarına və ümumilikdə idmana yaraşmayan hadisələr baş verir ki, bu da Ermənistan futbolu üçün ən ağır nəticələr verə bilər. Onlarla vətəndaş, əsasən də yeniyetmələr tribunalarda dava salır, o cümlədən siyasi aksiyalar həyata keçirirlər”.

Bəyanatda pankartları stadiona buraxan təhlükəsizlik əməkdaşlarının səhvə yol verdiyi və onlarla iş aparıldığı bildirilir. Həmçinin hər iki qurum futbol ictimaiyyətinin, o cümlədən medianın dəstəyi olmadan stadiondakı çoxlu sayda mühafizəçinin bu kimi halların qarşısını ala bilməyəcəyini etiraf edib:

“Demək olar ki, bu il Ermənistanda keçirilən bütün beynəlxalq oyunlar zamanı oxşar hadisələr baş verib ki, buna görə də federasiya və Ermənistan klubları külli miqdarda cərimələr ödəyiblər. Amma belə hallar aradan qalxmazsa, Ermənistanda yeganə yüksək Avropa standartlarına cavab verən Respublika stadionu diskvalifikasiya edilə bilər. İstər Ermənistan millisi, istərsə də klublarımız ev oyunlarını başqa ölkələrdə neytral meydanlarda keçirməli olacaqlar”.

Federasiya həmçinin yerli KİV-dən belə hallarla bağlı video və fotoları yaymamağa, valideynlərini uşaqlarını meydançaya buraxmamağa, futbol azarkeşlərini və fan-klubları arzuolunmaz nəticələrin qarşısını almağa çağırıb.

9 avqustda keçirilmiş “Pünik” – “Srvena Zvezda” (Serbiya) matçında erməni millətçiləri ingilis dilində “Qarabağ Ermənistandır” və “Kosovo Serbiyadır” sözləri yazılmış pankartlar qaldırıb. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində “Axavnonu (Laçının Zabux kəndi) vermərik” sözü yazılmış pankart əks etdirib.

AFFA dünən bu məsələ ilə bağlı UEFA-nın Etika və Tənzimləmə üzrə icraçı-direktoru Ancelo Riqopulosa məktub ünvanlayaraq, beynəlxalq qurumdan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button