Erməni təxribatından əziyyət çəkən veteranlarla görüş keçirilib

Gəncədə erməni təxribatından əziyyət çəkən şəhər sakinlərindən üçü veteran futbolçudur.

Komanda.az xəbər verir ki, “Kəpəz” klubunun bazasında vaxtilə komandanın şərəfini qorumuş bu sabiq oyunçularla görüş keçirilib.

Emin Mustafayev, Sahil Abdullayev və Samir Allahverdiyev ermənilərin oktyabrın 11-də gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində zərər çəkib. Partlayış baş verən binada yaşamış Mustafayevlə Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar, mənzilləri yararsız hala düşüb. Allahverdiyevin özünə heç nə olmasa da, ailə üzvləri yaralanıb, evi ciddi ziyan görüb.

Erməni vəhşiliyi nəticəsində yaşananlar klub rəhbərliyi ilə görüşdə bir daha xatırlanıb, dinc əhaliyə yönələn terror pislənilib. “Kəpəz”in icraçı direktoru İlqar Nadiri düşmənin müharibə qanunlarına, beynəlxalq hüququn normalarına sığmayan, insanlıq əleyhinə yönələn hərbi cinayətlər törətdiyini bildirib. O, baş verənlərin Gəncə sakinlərinin mübariz ruhunu sarsıtmadığını vurğulayıb. Şanlı Ordumuzun da ardıcıl qələbələri ilə insanların ruh yüksəkliyi yaşadığını, çətin günlərdə bir yumruq kimi birləşdiyini vurğulayıb.

Görüşdə klub adından veteran futbolçulara geyim dəstləri hədiyyə edilib, maddi köməklik göstərilib. Gündəlik həyat və məişət qayğılarının dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığını deyən sabiq oyunçular göstərilən diqqət və qayğıya, dəstəyə görə minnətdarlıq ediblər.

“Kəpəz”lə yanaşı, Azərbaycanın müxtəlif klublarında da oynamış veteran futbolçulara klubda görülən işlərlə bağlı məlumat verilib.

Baş məşqçi Yaşar Vahabzadə yeni istedadlı gənc nəslin yetişdiyini, əsas komandanın qazandığı nəticələrlə turnir cədvəlinin üst sıralarında qərarlaşdığını və azarkeşləri sevindirdiyini qeyd edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button