“Bu darmadağın uzun müddət xatırlanacaq” – Pike

İspaniya kubokunun final matçında “Valensiya” ilə qarşılaşacaq “Barselona”nın müdafiəçisi Jerar Pike açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, kuboku qazanmaq məcburiyyətində olduqlarını deyib:

“Mövsümü ən yaxşı şəkildə tamamlamalıyıq. “Valensiya” təhlükəli rəqibdir, amma İspaniya kubokunu qazanmağa məcburuq”.

Çempionlar Liqasının yarımfinal mərhələsində “Liverpul”a 0:4 hesabı ilə məğlub olduqları cavab matçı ilə bağlı danışan ispan müdafiəçi, bunları deyib:

“Oyunda ilk qolu tez buraxdıq və həmin anda keçən il “Roma” ilə matçda yaşananlar ağlıma gəldi. İkinci hissədə də qolları tez buraxdıq. Bu, “Roma” ilə oyuna çox bənzəyirdi. Psixoloji problemlər yaşadıq, yaxşı futbol oynaya bilmədik. Rəqib də çox güclü təzyiq göstərdi. Bizim üçün çox çətin gün idi. Üzərindən bir müddət keçib, amma “Liverpul”a məğlubiyyəti unuda bilməmişik. Bu darmadağın uzun müddət xatırlanacaq.

“Enfild Roud”da yaşananlar bir kabus idi, amma bunun öhdəsindən gəlməyə məcburuq. Bunun niyə yaşandığını başa düşməyimiz lazımdır. Növbəti mövsümdə eyni səhvləri etməməliyik”.