“Premyer Liqanın qalibi olmaq üçün 30 il gözləyəcəyimizə inanmıram” – Sulşer

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Liverpul”la qarşılaşacaq “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbərə verir ki, norveçli mütəxəssis, səfər matçı haqqında və “Liverpul”un baş məşqçisi Yurgen Kloppla bağlı danışıb:

“Yaxşı nəticə əldə etmək üçün çətin səfərdir. “Liverpul” səfəri futbolçularımız üçün əla fürsətdir. “Enfild Roud”da sərfəli nəticə əldə etmək üçün sadəcə özünüzə inanmalısız. Futbolçularımız üçün yenidən çempionatın liderinə qarşı oynamaq çətin olacaq. Son iki oyunda rəqibə qarşı oyunlarda yaxşı iş görmüşük, amma “Enfild Roud”da oynamaq tamamilə fərqlidir.

Premyer Liqanın qalibi olmaq üçün 30 il gözləyəcəyimizə inanmıram, bunun baş verməməsi üçün çalışıram. Bu kluba inanıram, komandanı yenidən qururuq, bir az vaxta ehtiyacımız var. Amma bilirəm ki, yaxşı nəticələr əldə edəcəyik.

Klopp əla məşqçidir və “Liverpul”da çox yaxşı işlər görür. O, bu komandada demək olar ki, sıfırdan başladı. Onlara hörmət edirik, nəticələri və göstərdikləri oyun bu hörmətə layiq olduqlarını sübut edir”.

“Liverpul” – “Mançester Yunayted” oyunu bu gün, saat 20:30-da start götürəcək.