“Qarabağ”, bu fürsəti qaçırma!

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb. Erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Emilin “Tobol”dan ayrılacağı gözlənilən idi. Beləliklə, keçən mövsümün əvvəlində Qazaxıstan təmsilçisinə transfer olunan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İndi isə çoxunu son illərdə Azərbaycanın ən yaxşı qapıçılarından olan Emilin gələcək karyerası maraqlandırır.

Balayevin xidmətinə ehtiyacı olan klublardan biri də “Qarabağ” ola bilər. Ötən ilin sentyabrında İngiltərə “Bornmut”undan qapıçı Asmir Beqoviçi icarə əsasında heyətinə qatan “köhlən atlar”, bosniya və herseqovinalı futbolçunun ayrılığından sonra qolkiper problemini Emillə həll edə bilər. Klubun qış transfer dövründə qapıçı transferi edəcəyi gözənilsə də, Ağdam təmsilçisi “susqunluğ”u ilə yadda qaldı. Hazırda “Qarabağ”ın heyətində üç qapıçı – Vaqner da Silva, Şahruddin Məhəmmədəliyev və qış fasiləsində “Sumqayıt”dan icarədən qaytardığı Nicat Mehbalıyev var. “Qarabağ” sözügedən futbolçularla daxili çempionatda uğur qazansa da, avrokuboklarda “çərçivə”dəki problemlər aydın nəzərə çarpır. Vaqnerin sabit olmayan çıxışı, xüsusilə, Beqoviçin Azərbaycanda olduğu dövrdə ehtiyatda qalması, Şahruddinin isə kifayət qədər şans qazanmaması, bu baxımdan oyun praktikasının olmaması, Çempionlar Liqasında mübarizə aparmaq istəyən klub üçün problem yarada bilər.

Emilin təcrübəsi, həm “Tobol”da, həm də Azərbaycan millisinin heyətində son seçmə mərhələdəki uğurlu çıxışı onun “Qarabağ”ın qapıçı probleminin həlli ola biləcəyini düşünməyə əsas verir. Balayevin hazırda azad agent statusu daşıması son Azərbaycan çempionu üçün fürsətdir. Təbii ki, futbolçu özü karyerasını yenə ölkə xaricində davam etdirmək istəməsə.

Emil Balayev 2016-2017-ci il mövsümündə “Qarabağ”ın şərəfini qorusa da, “köhlən atlar”ın heyətində oyun keçiməmiş və “Səbail”ə transfer olunmuşdu.

Komanda.az