Elxan müəllimin gizli arzusu

Hüseyn Cəbrayıloğlu

Azərbaycan futbolunu faktiki olaraq idarə edən Elxan Məmmədovun ötən günlərdə ölkənin qərb bölgəsinə səfər etməsi ölkə ictimayyəti arasında rəğbətlə qarşılandı. Bir neçə milyon dollara başa gələn Tovuzun “Turan” klubunun akademiyasında kiçik yaşlı futbolçularla meydana çıxmasını vaxtı ilə müsahibəsində dediyi kimi, “növbəti həyatımda futbolçu olsam” ifadəsinin davamı kimi də saymaq olar. Ola bilər həmin müsahibədən ötən illər ərzində Elxan müəllim bütün dinləri ciddi-ciddi arasdırıb və əslində, bəni adəmin bir daha növbəti həyatı olmayacağına əmin olub. Axirətdə futbol olacağına dair isə qəti olaraq fikir yoxdur. Bu mənada, meydana çıxıb top qovması da tovuzlu azyaşlı futbolçuların qismətinə düşdü.

Mediada paylaşılan şəkillərdə icraçı vitse-prezident çox səmimi, şən və xoşbəxt görünürdü. Arxa fonda görünən, tarixin yaddaşına köçmüş SSRİ-dən qalma üç mərtəbəli binanın yeni görünüşü qədər bəsit, küskün, bədbin görünmürdü. Əksinə, meydanda top qovarkən ütülü ağ köynəyi ona xüsusi yaraşıq verirdi. Məmmədovun getdiyi rayonlarda balaca uşaqlara idman çantaları paylayarkən ürəyinin dərinliyində “böyüyün, inkişaf edin, sizin gələcəyinizi məhv etmək mənim boynuma” mesajı verdiyini düşünəcək qədər müxalif fikirli deyiləm, hər şeyi qara görmək kimi bədbin proqnozlardan uzağam. Məncə, Elxan müəllim həmin an ürəyində “sizə qayğım qədər iranlı həmyaşıdlarınıza da qayğılıyam. Sizin gələcəyiniz qədər dünyanın dörd bir yanına səpələnmiş 7-ci dərəcəli, kökündə azərbaycanlı olan insanları da düşünürəm. İnanıram ki, onların arasında ən azı bir Əli Qurbanı, Eddi İsrafilov var” deyirdi.

Onun daha sonra müxtəlif rayonlara səfər etməsi, həvəskar komandalar yaradılması barədə müzakirələri də alqışalayiq addımdır. İcraçı vitse-prezident dolayısı ilə futbol ictimaiyyətinə mesaj verirdi ki, “Azərbaycan futbolu iki onillikdir yerində sayıb. Hər şeyi sıfırdan başlamaq, rayonlarda, bölgələrdə həvəskar komandalar yaratmaq və pillə-pillə inkişafa nail olmaq lazımdır”.

Heç bir idman verilişində, idman mediasında Elxan müəllimin səfəri ilə bağlı geniş araşdırma yazısına rast gəlmədim. Hətta AFFA-dan maliyyələşən saytlar belə, sıradan kiçik xəbər və fotosessiya ilə işlərini bitmiş saymışdılar. Əslində, təvazökarlıq edən Məmmədov inqilabi ideyasını, “evdən futbola” devizli 25 illik planını tam olaraq açıqlamasa da, projesinin işartılarını vermiş oldu. Evdən çıxan 30-40 yaşlarında ata yeni yaranan həvəskar komandanın, Elxan müəllimdən yenicə aldığı idman çantasını çiyninə atan övladı isə gələcək illərin birinci onilliyinin sonunda birinci divizionda yaradılacaq rayon komandasının məşqinə gedir. “Bölgələrdə futbol yoxdur!” kimi illərin etiraz başlıqlı ifadəsi faktiki olaraq iflasa uğrayır. Artıq futbol bizim rayon insanlarının düşündüyü qədər əlçatmaz olmayacaq. Futbolu hər kəs oynayacaq və hiss edəcək. Traktorçu Məmmədin övladlarına, nəvələrinə danışdığı “əslində, o vaxt dədəm qoymadı futbolçu olum, yoxsa Messi qədər tanınmış biri idim” təəssüfü bir daha yaşanmayacaq. Təsəvvür edin, əksər rayonlarda azarkeş səsi, fit səsi asimana bülənd olacaq. Kim nə düşünür düşünsün, amma mən Elxan müəllimin tam olaraq demədiyi, futbolla dolu fikirlərin aşıb-daşdığı ürəyində gizlətdiyi arzunu hiss edə bilirəm. Məncə, 10 il sonra UEFA-nın baş katibi Azərbaycandan gələn qara kürüdən yeyərək, ağzını marçıldadıb “Elxan, bunu necə bacardın? Sizdə futbolu hər kəs necə oldu ki, oynadı” sualını verəndə, o, “illər əvvəl növbəti həyatımda futbolçu olacağıma söz vermişdim. Sonra düşündüm ki, mən yox, onlar oynasın” kimi cavablandırıb, dərin bir ah çəkmək istəyir. Şəxsi arzusunu yüzlərlə uşağa ərmağan etməyi isə hər kəs bacarmır. Oxucunun “bəs Premyer Liqa? Milli komanda?” kimi suallarının yaranacağına əminəm. Qeyd edim ki, hər şey öz axarı ilə davam edəcək. Elxan Məmmədov bunu da düşünüb. Ölkədə kütləvi surətdə artan “russektor”dan hələ nə qədər icracı katiblər, vitse-prezidentlər, AFFA üçün şöbə müdirləri çıxacaq. Futbol? Onu traktorçu Məmməd və nəvələri oynayacaq!

P.S. Növbəti yazımda Elxan Məmmədovun Lənkəran səfərinin gizlinləri, pərdəarxası olaylarını təqdim edəcəm.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button