Elxan Məmmədovdan növbəti şou – “Mətbuatı it yerinə qoymaq başqa necə olur ki?”

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilir. İclasda Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsindəki çıxışı, baş məşqçi Nikola Yurçeviçin taleyi və başqa məsələlər müzakirə olunacaq.

Bundan əvvəl keçirilən iclaslardan sonra media nümayəndələri üçün mətbuat konfransları və brifinq təşkil olunurdu. Bu dəfə isə… Dünən AFFA-nın saytında İcraiyyə Komitəsinin iclası ilə bağlı mətbuata belə bir xəbərdarlıq edilib:

“Xəbər verdiyimiz kimi, dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda qəbul olunacaq qərarlar “affa.az” saytında yerləşdiriləcək. İclasdan sonra brifinq və mətbuat konfransının keçirilməsi nəzərdə tutulmayıb”.

“Xəzər” TV-nin əməkdaşı Sənan Abdullayev sosial şəbəkə hesabında televiziya işçilərinə komitənin iclasından görüntülər çəkməkdə problem yaradıldığını yazıb:

“AFFA-nın İcraiyyə Komitəsinin iclasından televiziyalara kadr çəkmək üçün əvvəl 40 saniyə vaxt verilib. Sonra operatorlar xahiş edib ki, heç olmasa 1 dəqiqə yarım eləyin. Qayıdıblar ki, dəqiqə yarım çoxdur, 1 dəqiqə vaxtınız var. Yəni 60 saniyə. Bu sahədən anlayışı olanlar yaxşı bilir ki, kameranı məkana uyğunlaşdırmaq (balans) elə minimum 20-30 saniyə vaxt aparır.

Mətbuatı it yerinə qoymaq başqa necə olur ki? Başa düşdük ki, suallara cavab verə bilməyəcəksiz deyə, brifinqi və mətbuat konfransını ləğv elədiz. Operatorlar sizdən nəsə soruşası deyildi axı. Heç olmasa, xalqı 5 dəqiqəlik də olsa, o gül camalınızdan uzaq tutmayın”.

Bax, belə! Komanda.az-a daxil olan məlumata görə, medianı AFFA İcraiyyə Komitəsinin iclasından uzaq tutmaq əmrini federasiyanın baş katibi Elxan Məmmədov verib. Son vaxtlar sosial şəbəkədə və mətbuatda tənqid olunan, istefası tələb olunan baş katib komitənin iclasından sonra brifinq və mətbuat konfransının keçirilməyəcəyinə də şəxsən qərar verib. Bununla o, iclasdan sonra keçirilməli olan mətbuat konfransında onun fəaliyyətindən narazı olan jurnalistlərin suallarından yayınmaq məqsədi güdüb. Nəzərə alsaq ki, İcraiyyə Komitəsində AFFA prezidenti, vitse-prezidentlər də təmsil olunur, Elxan Məmmədovun bu addımı atmaqda məqsədi gün kimi aydın olur. Baş katib federasiya rəhbərliyinin qarşısında mətbuatın “qamçı”sı ilə döyülmək istəməyib!

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button