Elxan Məmmədova “təşəkkür”

Rəşad Fərhadoğlu

Onu sevməmək günahdı. Natiqlik qabiliyyəti, yaxud Jirinovskisayağı çıxışlarına görə yox ha! Soyadı doğmadı, özümüzkülərdəndi. “Qarabağ Ermənistandı, vəssəlam!” deyən Paşinyanı deyirəm. Arxasında kim var, kim yox bilmirəm, amma çomağa söykənmədiyi dəqiqdi. Hamının gördüyü, bildiyi faktı təkrarlaması adama təsir edir. Azərbaycanda yaşı 30-u keçməyən istənilən şəxs bircə futbol komandası “Qarabağ”ı tanıyır, bir Qarabağ adını daşıyan restoranları. Xatırladım ki, Suriyanın Qolan təpələri də bizim Qarabağa çox oxşar idi. Adı Suriyanın idi, dadı İsrailin. Təxminən 50 il sonra hamı dedi ki, Qolan İsrailindi. Odu ki, 20 il də səbr etsək, bizim Qarabağ adlı nə problemimiz qalacaq, nə də ərazimiz. Öz aramızdı, bundan gözəl, bundan ideal problem həlletmə metodu ola bilməz.

Fəxr olunası tərəfimiz təkcə xarici siyasi fəaliyyətimiz deyil. Daxildə də möhtəşəmik. Dünyanın heç bir xalqı bu qədər qısa müddətdə “inkişaf” bilməzdi. Biz bacardıq. Məsələn, savadsızlaşmamız sayəsində yağan yağışın Bakını yuyub-aparmasını idarəetmədəki səhvlər deyil, Allahın səhvi kimi qələmə veririk. Əhsən!

İndi isə qayıdaq Qarabağ mövzusuna. Klub “Qarabağ”ı deyirəm. Cənubi Kiprdəki oyundan sonra Əmrah Çəlikəl AFFA-nın baş katibi Elxan Məmmədovun Nikosiyadakı stadiondan fotosunu paylaşaraq, dəstək verdiyi üçün təşəkkürünü bildirib. Bununla tam deyil, yarımazərbaycanlı olduğunu isbatlamış olub. Bu insan az qala bələkdəki dönəmindən sonrakı bütün həyatını Azərbaycanda keçirib, yağ satmaqdan tutmuş, yağ istehsal etməyə qədər hər şeyi bilir, amma “yağsız-sabunsuz” söhbətinə bələd deyil. Qardaşım, təşəkkür etmək istəyirsənsə, azarkeşlərə, Məmmədov Elxanın təyyarə biletinin pulunda haqqı olan Azərbaycan xalqına et. Azərbaycan futboluna “paz olub” ilişən insanla nə işin var? Bilməmiş deyilsiz ki, Elxan Məmmədova qalsa, “Qarabağ”ı da “Şüvəlan”ın, “Kəpəz”in, “Simurq”un və başqa “rəhmətliklər”in gününə salar. Azərbaycan adını müsbət mənada səsləndirən istənilən uğur, istər Kremlin, istər Kremlin adamlarının, istərsə də Kremlin adamlarının adamlarına sərf etmir. Əslən Türkiyədənsiz, Rəcəb Tayyib Ərdoğan kimi siz də Moskva ilə “brat” olmaq istəyirsizsə, o zaman məlum şərhinizə “5” düşür.

“Qarabağ”ın uğurunda Elxan Məmmədovun roluna gəlincə… Çoxu bu məsələdə əlaqə görməsə də, fərqli düşünürəm. Zəfərlər birbaşa AFFA-nın faktiki rəhbərinin ayağına yazılmalıdı. Qurban Qurbanovla Rəşad Sadıqova məlum və məşhur “torba əməliyyatı” olmasaydı, uğursuzluq qaçılmaz olardı. Xeyr, söhbət heç də ikilinin başının milli komandalara qarışmaq ehtimalından getmir. İnanıram ki, onlar bunun öhdəsindən gələrdi. Sadəcə, onların başı Elxan Məmmədovun şeytani əməlləri ilə mübarizəyə qarışardı ki, bu da uğursuzluğu qaçılmaz edərdi.

Uzatmayım. Paşinyanın bu qədər sarsaqlaması Azərbaycan daxilindəki bəzi mütrüflərin yarıtmaz fəaliyyətindən irəli gəlir. Onlara qarşı sərt tədbirlər görülməsə, Paşinyan məlum açıqlamanı Gəncədə də, Naxçıvanda da, lap elə Bakıda da verə bilər.