Elxan Məmmədov Ukraynada hədiyyə aldı – FOTO

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko ölkənin milli komandasının xüsusi geyim formasını FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədova hədiyyə edib.

Komanda.az xəbər verir ki, Pavelko bu barədə Məmmədovun Kiyevə işgüzar səfəri barədə sosial şəbəkədəki şəxsi hesabında yazıb.

O, Məmmədovu Ukraynanın xoşməramlı dostu adlandırıb:

“FİFA Ukraynanı dəstəkləməkdə davam edir. Əvvəllər AFFA-nın icraçı vitse-prezidenti vəzifəsində çalışmış Elxan Məmmədovla çoxdandır məhsuldar işləyirik. Ukraynaya bu gəlişi də FİFA-da vəzifəyə təyinatından sonra ilk səfərlərindən biri və onun dövlətimizə isti münasibətinin əla nümunəsidir. Məhz FİFA-dan Ukraynaya dəstək onun səfərinin əsas məqsədi idi”.

Pavelko bildirib ki, bu, Rusiya yığmaları və klublarının beynəlxalq yarışlardan kənarlaşdırması, dünya futbol ictimaiyyətinin Ukraynaya fevralın 24-dən ciddi humanitar yardım göstərməsi qarşılığında FİFA-ya yüksək nümayəndəsi vasitəsilə minnətdarlıq etmək baxımından yaxşı imkan olub:

“Yardımlar dərmanlar, tibbi avadanlıq və məmulatlar, zəruri tələbat malları, habelə, futbolçularımıza və hakimlərimizə xaricdə peşəkar dəstəkdən ibarətdir. Rusiya işğalçıları üzərində qələbədən sonra Ukrayna futbolunun dirçəlişində bizə kömək etməyə hazırlığını bildirdiyi üçün başda Canni İnfantino olmaqla, FİFA-ya təşəkkür edirəm. Əsas prioritetlərimiz sırasında ukraynalı uşaqlara futbola fəal cəlb olunmaqla müharibə dəhşətlərini unutmaları üçün yardım proqramları da yer alıb”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin