Elmar Baxşıyev oyundan razı qalmayıb: “Şanslar yenə bərabərdi”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sabah”a qarşı keçirdikləri ilk oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Kubok fərqli bir turnirdi. Oyunun çətin olacağını bilirdik. İlk matçı evdə keçirdiyimiz üçün həm hücumda , həm də müdafiədə yaxşı oynamağa çalışırdıq. Bəzi epizodlarda bunu həyata keçirə bildik. Amma ümumi götürsək, oyundan tam razı qalmadım. Ülvi İsgəndərovun meydana daxil olması ilə hücum və ya müdafiəni gücləndirmək fikrimiz yox idi. Sadəcə, hiss edirdik ki, rəqib daha çox hücum edəcək. Buna görə meydana bir hücumçu buraxıb, ön xətdə daha çox olmağa çalışdıq. Bu da öz faydasını verdi. Cavab qarşılaşması öncəsi şanslar 50-nin 50-yədi. Kubokda sürpriz ola bilər. Komandanı çətin oyuna kökləyəcəyik. Qırmızı vərəqəyə gəlincə, bunu normal qiymətləndirirəm. Bu, oyun epizodunda baş verdi. Qarşıda daha bir oyunumuz var. Bu səbəbdən yanvarda heyətdə ola biləcək dəyişikliklərdən danışmağa tələsməyək. Bütün futbolçulara şans veririk. İlk “11-liy”ə layiq olan oyunçular da meydana çıxır.

Bu klub yaşamalıdı, Azərbaycan futboluna lazımdı. “Qəbələ”ni Azərbaycan futbolunun bir etalonu, bir flaqmanı hesab edirəm. Yaxşı nəticələri olub. Azərbaycan və Avropada tanınmış klubdu. İnanıram ki, “Qəbələ” yaşayacaq, uğurları və nəticələri ilə hamını sevindirəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button